Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən “International Challenge” kateqoriyalı "Czech Open" beynəlxalq turnirində bürünc medal qazanıb. Azərbaycan Badminton Federasiyasından SİA-ya bildirilib ki, mübarizəyə əsas mərhələdən start verən idmançı ilk görüşündə fransalı Valentin Singeri mübarizədən kənarlaşdırıb - 2:0 (21-12,21-13).
O, 1/8 finalda Hindistan təmsilçisi Dalal Şaşvatı 2:0 (21-12, 21-19) hesabı ilə məğlub edib. 1/4 finalda hər iki setdə ispaniyalı Pablo Abiandan üstün olan badmintonçumuz (21-15,21-14) yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.
Edi Reski Dviçayo finalın bir addımlığında İndoneziya badmintonçusu Məhəmməd Yusufa uduzub 0:2 (14-21, 17-21).