Zəngilanın azadlığının 5 ili: Azərbaycanın regional gücünün rəmzi - POLİTOLOQ ŞƏRH ETDİ

20 Oktyabr 2025 14:51 (UTC+04:00)

"Zəngilanın azad edilməsinin 5 illiyi, əslində, təkcə bir rayonun işğaldan qurtuluşunun deyil, bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının mühüm mərhələsidir. Bu hadisə 2020-ci il Vətən müharibəsində əldə edilən həlledici qələbələrdən biri idi və strateji baxımdan ölkəmizin cənub sərhədlərinin tam nəzarətə götürülməsi demək idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, son 5 ildə Zəngilan rayonu dövlətin “Böyük Qayıdış” proqramı çərçivəsində ən intensiv inkişaf edən bölgələrdən birinə çevrilib. Burada həm infrastruktur, həm enerji, həm də sosial layihələr eyni vaxtda həyata keçirilir: "Zəngilan “yaşıl enerji zonası” kimi formalaşır və bu, Azərbaycanın ekoloji baxımdan dayanıqlı inkişaf strategiyasının tərkib hissəsidir. Xüsusilə Ağalı “ağıllı kənd” layihəsi artıq bölgənin gələcək modelinə çevrilib. Geosiyasi kontekstdə isə Zəngilanın azad olunması regionda yeni kommunikasiya və nəqliyyat xəritəsinin formalaşmasına şərait yaradıb. Zəngilanın yerləşdiyi coğrafi məkan - həm Zəngəzur dəhlizinə çıxış baxımından, həm də Türkiyə ilə birbaşa quru əlaqəsinin təmin olunması yönündən – Azərbaycanın strateji mövqelərini xeyli gücləndirib.

Bu gün Zəngilan artıq təkcə azad edilmiş torpaq deyil, Cənubi Qafqazda yeni siyasi, iqtisadi və ekoloji modelin mərkəzlərindən birinə çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa siyasəti bu bölgəni gələcəkdə beynəlxalq əməkdaşlıq və investisiya məkanına çevirəcək. Beləliklə, Zəngilanın azad olunmasından keçən 5 il Azərbaycanın gücünün, iradəsinin və gələcəyə yönəlik strateji baxışının parlaq təzahürüdür".