Özbəkistanın Xarəzm vilayətinin qədim Xivə şəhərində “Arda Xivə” turizm kompleksində “Xalçaların parıltısı” adlı birinci beynəlxalq sərgi-festivalı keçirilib. Sərgidə Özbəkistanın müxtəlif bölgələrindən, həmçinin Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstandan gələn sənətkarlar, alim və incəsənət xadimləri, mühəndislər, dizaynerlər, sahibkarlarla yanaşı, Xarəzm vilayətinin minlərlə sakini və qonaqları iştirak ediblər. Sərgidə ölkəmizi Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və bu qurumun təşəbbüsü ilə Bakıdan gələn xalçaçı rəssam, miniatür ustası Ağasadıq Süleymanov təmsil edib. Mədəniyyət Mərkəzindən SİA-ya bildirilib ki, sərgi-festivalın birinci günü keçirilən mətbuat konfransında respublika “Hunərmənd” Assosiasiyasının sədri Rəsuljon Mirzəhmədov, Xarəzm vilayəti hakiminin müavini Botir Səidov və digər çıxışçılar ilk dəfə keçirilən xalça festivalının məqsədi, əhəmiyyəti və beynəlxalq əməkdaşlığın perspektivlərindən danışıblar.
Botir Səidov bildirib ki, hazırda Xarəzm vilayətində 500-dən çox sənətkar xalçaçılıqla məşğuldur və onların toxuduğu xalçalara təkcə Özbəkistanda deyil, dünyanın müxtəlif ölkələrində böyük maraq göstərilir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qeyd edib ki, xalça Azərbaycan xalqının minillik mədəni irsinin, milli sənətinin və estetik dünyagörüşünün ayrılmaz hissəsidir. O vurğulayıb ki, Azərbaycan xalça sənəti yalnız məişət və bədii sənət növü kimi deyil, həm də xalqın ruhunu, tarixi yaddaşını, mənəvi dəyərlərini və bədii zövqünü ifadə edən mühüm mədəni fenomen kimi dünya miqyasında tanınır. Direktor əlavə edib ki, xalçaçılıq sənəti bu gün xalqlar arasında mədəni dialoqun və dostluğun güclənməsinə xidmət edir, belə beynəlxalq tədbirlər isə xalça ənənələrinin qorunub-saxlanması və yeni nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sonra beynəlxalq sərgi-festival çərçivəsində milli xalçaçılıq sənətinə həsr olunmuş sərgi açılıb.
Sərginin Azərbaycan guşəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təqdim etdiyi Qarabağ, Naxçıvan, Gəncə, Quba, İrəvan, Təbriz, Borçalı, Dərbənd və digər bölgələrimizə aid xalça nümunələri, həmçinin Azərbaycan xalça sənətinə dair albomlar nümayiş olunub. Ağasadıq Süleymanov öz kiçik dəzgahında xalçaların toxunmasını əyani şəkildə təqdim edib.
Sərgi-festival çərçivəsində “Özbəkistan xalçaçılığı: Ənənə və innovasiya” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans da keçirilib. Konfransda Ağasadıq Süleymanovun “Azərbaycan xalça sənətinin tarixi” mövzusunda məruzəsi dinlənilib.
Festivalın yekun tədbirində müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.
Azərbaycandan gələn xalçaçı rəssam Ağasadıq Süleymanov “Gənc xalçaçı rəssam” nominasiyasında birinci yerə layiq görülüb, ona sertifikat və hədiyyələr təqdim olunub.
Mədəniyyət Mərkəzi xalça sənətinin zəngin ənənələrini, milli üslubun bədii dərinliyini və Azərbaycan xalçalarının estetik gözəlliyini peşəkar şəkildə təqdim etdiyi üçün təşkilatçılar tərəfindən fərqlənmə diplomu ilə təltif olunub. Qeyd olunub ki, Azərbaycan guşəsi ziyarətçilər arasında ən çox maraq doğuran ekspozisiyalardan biri olub, xalçaların orijinallığı və yüksək sənətkarlıq səviyyəsi sərginin bədii ovqatına xüsusi rəng qatıb.