"Atletik Bilbao" - "Qarabağ" oyunundan gözləntilər NƏLƏRDİR? - ŞƏRH EDİLDİ

20 Oktyabr 2025 14:00 (UTC+04:00)

UEFA Çempionlar Liqasının gərgin və həyəcan dolu mərhələlərindən birində təmsilçimiz "Qarabağ" növbəti dəfə Avropanın güclü klublarından biri olan "Atletik Bilbao"ya qarşı meydana çıxır. Bu oyun həm komandanın mövsümdəki hədəfləri, həm də Azərbaycan futbolunun ümumi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı baş məşqçi Arif Əsədov SİA-ya açıqlamasında bildirib ki, çətin oyun olacaq:

"Ümumiyyətlə, Çempionlar Liqasında asan oyun olmur. Bu turnir elə bir səviyyədədir ki, burada iştirak edən bütün komandalar güclüdür və hər qarşılaşma yüksək tempdə, ciddi rəqabət şəraitində keçir. "Qarabağ" üçün də qarşıdakı oyun əhəmiyyətlidir və komandanın indiyədək göstərdiyi performans, xüsusilə də iki qələbədən sonra futbol ictimaiyyətində ciddi rezonans doğurub. Artıq belə bir fikir formalaşıb ki, "Qarabağ" istənilən rəqiblə başabaş mübarizə aparmaq, hətta qalib gəlmək gücündədir. Təbii ki, bu kimi fikirlər komandanın üzərində müəyyən təzyiq də yaradır. Bu dəfəki rəqib – "Atletik Bilbao" olduqca ciddi və hörmətəlayiq komandadır.

İspaniya La Liqasında illərdir stabil çıxış edən, fiziki hazırlığı, sürətli hücumları və taktiki çevikliyi ilə seçilən bir klubdur. Onların xüsusilə sürət və dinamika baxımından üstünlükləri var və "Qarabağ" oyunun ilk dəqiqələrindən etibarən bu tempə uyğunlaşmağı bacarmalıdır. Əks halda, erkən qollarla psixoloji üstünlük rəqibə keçə bilər. "Qarabağ"ın üstün cəhətlərindən biri də kollektiv oyuna əsaslanması, topa nəzarət və sürətli keçid fazalarında effektiv olmasıdır. Bu oyunda da bu elementlər ön planda olmalıdır. Müdafiədə diqqətli və intizamlı olmaqla yanaşı, hücumda da cəsarətli çıxış tələb olunur. Bu səfərdən bir xalla dönmək realdır. Bu, həm komandanın turnirdəki mövqeyi üçün, həm də psixoloji üstünlük baxımından çox önəmli ola bilər".