"Qarabağ Avropada inamlı seriyasını davam etdirməyə köklənib" - MÜNASİBƏT BİLDİRİLDİ

20 Oktyabr 2025 13:04 (UTC+04:00)

"Əvvəlcə qeyd edim ki, komandamızın ilk iki oyunda göstərdiyi futbol bizi sevindirir. 6 xal qazanmaqla yanaşı, uşaqlar meydanda çox balanslı, intizamlı və öz oyun üslubumuza sadiq çıxış etdilər. Bu, bizim illərlə formalaşdırdığımız sistemin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Vaqif Cavadov deyib.

Onun sözlərinə görə, "Qarabağ" artıq sadəcə Azərbaycan çempionu deyil, Avropada da tanınan, rəqiblər tərəfindən hörmətlə qarşılanan bir komandadır: "Bilbao səfəri, sözsüz ki, asan olmayacaq. Onlar La Liqada çox dinamik və fiziki gücə əsaslanan oyun nümayiş etdirirlər. Biz onların xüsusilə ev oyunlarındakı təzyiq sistemini, cinah hücumlarını analiz etmişik. Məqsədimiz topa sahibolma faizini itirmədən, həm də rəqibin açıq buraxdığı boşluqlardan istifadə etməkdir.

Taktiki baxımdan oyunu müdafiə ilə hücum arasında düzgün balansda saxlamaq önəmlidir. Biz rəqibi meydanın dərinliyində qarşılamaq, sonra isə sürətli əks-hücumlarla təhlükə yaratmaq üzərində çalışmışıq. Bu tip oyunlarda bir epizod bəzən hər şeyi həll edir, ona görə də diqqət, intizam və psixoloji hazırlıq ön plandadır. Əlbəttə, liderliyimizi qorumaq və səfərdən ən azı xal, ideal halda isə qələbə ilə qayıtmaq istəyirik. Bu, həm komandanın özünəinamını artıracaq, həm də növbəti mərhələ üçün ciddi üstünlük yaradacaq".