Bəhruz Quliyev: “Ramiz Mehdiyev dövlətə xəyanətin simvoluna çevrilib" - AÇIQLAMA

20 Oktyabr 2025 12:44 (UTC+04:00)

"Bu gün gündəmdə olan 25 il Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və çirkli pulların yuyulması ittihamları ilə üzləşməsi faktı təsadüfi deyil. Bu, illərlə sistem içində kök salmış, dövlətin etimadını şəxsi maraqlara qurban vermiş, köhnə siyasi təfəkkürün ifşasıdır". Bu fikirləri SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Bəhruz Quliyev əlavə edib ki, bu gün Ramiz Mehdiyev artıq təkcə bir şəxs deyil keçmişin, intriqa və ikili oyunlar dövrünün rəmzidir. Dövlətin gücü və prinsipiallığı elə ondadır ki, kimliyindən asılı olmayaraq, xəyanət edənlərin hamısı cavab verir: "Azərbaycan dövləti bir daha göstərdi ki, burada “toxunulmaz” anlayışı yoxdur. Dövlətə, xalqa və Prezidentə qarşı gedən, illərlə “kölgə oyunları” oynayan hər kəs hüquq qarşısında cavab verəcək".

Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının sıralarından çıxarılması məsələsinə gəldikdə isə siyasi ekspert bildirib ki, aparılan proses nizamnaməyə tam uyğundur: "Çünki bu partiya xalqın iradəsini, dövlətçilik prinsiplərini və Prezident İlham Əliyevin siyasi kursunu təmsil edir. Dövlətə xəyanət edən şəxsin YAP sıralarında qalması nə mənəvi, nə də siyasi baxımdan mümkündür. Əgər bu gün partiyada onunla əlaqəsi, gizli münasibəti, “səssiz həmfikirləri” olanlar varsa, onlar da eyni aqibəti yaşamalıdırlar. Bu məsələ sadəcə bir cinayət işi deyil, siyasi və mənəvi təmizlənmə prosesidir. Ramiz Mehdiyevin illərlə yaratdığı kölgə şəbəkəsinin dağılması, dövlətin gücünü, Prezidentin iradəsini və xalqın ədalət tələbini nümayiş etdirir".

Media Qrupunun rəhbəri əlavə edib ki, Azərbaycan artıq yeni mərhələdədir, yəni burada nə “köhnə komanda”, nə “immunitet”, nə də “kölgədə hökmranlıq” anlayışı mövcuddur. Bu ölkədə yalnız dövlətə sadiqlik, xalqa xidmət və şəffaf siyasət mövcuddur. Qalan hər kəs, istər Ramiz Mehdiyev, istərsə də onun “köhnə oyunçuları” tarix səhnəsindən silinməyə məhkumdur.