Mətləb Salahov: “Ararat Mirzoyanın Paşinyanın sülh ritorikasına qarşı çıxması, Azərbaycanla münasibətləri şərt altına alması olduqca qaranlıq məqamlardan xəbər verir”
“Ararat Mirzoyanın dayanmadan sülh prosesini çətinə salan açıqlamalarla çıxış etməsi artıq elə bir həddə çatıb ki, erməni mediası belə bunu müzakirəyə çıxarıb. Çünki baş nazir Nikol Paşinyanın sülh ritorikası ilə onun komandasının əsas üzvlərindən sayılan xarici işlər naziri Ararat Mirzoyanın real sülhü şübhə altına alan bəyanatları arasında böyük uçurum var. Bu proses isə Vaşinqtonda Donald Trampın qarşısında Ermənistan hökumətinin öz üzərinə götürdüyü mühüm öhdəliklərə daban-dabana ziddir.”
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, rəsmi İrəvan neçə illərdir ki, Ermənistanın öz günahı ucbatından bölgədəki mühüm iqtisadi və infrastruktur layihələrdən kənarda qalmasının acı nəticələrini aradan qaldırmağa çalışsa da, faktiki olaraq bu məqsədə xidmət edən real addımlar atmır. M.Salahovun fikrincə, xüsusilə Azərbaycanla imzalanması planlaşdırılan Sülh Sazişi barədə rəsmi İrəvan diqqətçəkən işlərdən uzaq görünür: “Xüsusilə Ararat Mirzoyanın son bəyanatları hazırkı Ermənistan hakimiyyətinin sülh üçün səmimi və etibarlı olmadığına şübhələri artırmaqdadır. Bir çoxları bunu N.Paşinyanın Ermənistanın daxili ictimai-siyasi auditoruyasında özünə xal qazanmaq addımı kimi izah edirlər. Lakin bu absurd məsələdir. Çünki məhz elə N.Paşinyanın özü müharibədən sonrakı ilk günlərindən başlayaraq Ermənistanın tamamilə dəyişdirilməsinin vacibliyini dilə gətirir, keçmiş hakimiyyətlərin bu ölkəni xarabazarlığa və tiran ölkəsinə çevirdiklərini, bölgədəki inteqrasiyalardan kənar qoyduqlarını elan edir. Üstəlik, bütün revanşistləri küncə sıxdığı və erməni keşişlərinə divan tutduğu bir vaxtda N.Paşinyanın A.Mirzoyanın bu sülhdənkənar ritorikasına nə ehtiyacı var? Bəlkə N.Paşinyan radikal revanşistlərin hədəfinə çevrilməmək üçün XİN rəhbərini Azərbaycan və sülh əleyhinə danışdırır? Bunlar qəti inanılası ciddi arqumentlər deyil. Çünki 44 günlük müharibədəki acı məğlubiyyətdən sonra erməni cəmiyyəti N.Paşinyanı ona görə dəstəklədi ki, üfunət iyi verən Ermənistanı dəyişdirmək istəyində idi. Ermənistanı dalanın dibindən qurtarmaq və bölgədəki inteqrasiya prosesinə qoşmaq üçünsə mütləq Azərbaycanla Sülh Sazişi imzalanmalıdır. Sülh Sazişi üçün isə beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddiaları ilə “zəngin” olan hazırkı Ermənistan konstitusiyasının dəyişdirilməsi ilk şərtlərdən biridir. Bunu Ermənistanda ağlı başında olan istənilən şəxs əla bilir. Belə olan halda Ermənistan XİN rəhbərinin Konstitusiya dəyişikliyinə qarşı çıxması Paşinyanın sülh ritorikasının tam əksinə olaraq Azərbaycanla münasibətləri şərtlər altına alması olduqca qaranlıq məqamlardan xəbər verir”.
Ayşən Vəli