Bankların müştərinin ailə üzvləri və yaxınları ilə əlaqə saxlaması qanunidir? - VƏKİL AÇIQLADI

20 Oktyabr 2025 12:05 (UTC+04:00)

Müasir bank-müştəri münasibətlərində şəxsi məlumatların qorunması və etik davranış prinsipləri xüsusi əhəmiyyət kəsb edir. Banklar, müştərilərindən topladıqları məlumatları yalnız qanunvericilik çərçivəsində və razılıq əsasında istifadə etməlidirlər. Buna baxmayaraq, bəzi hallarda bankların borclu müştərinin yaxınlarına zəng etdiyi hallar müşahidə olunur. Bu isə bir çox hüquqi və etik suallar doğurur: Bankların müştərinin ailə üzvləri və ya digər yaxınları ilə əlaqə saxlaması qanunidirmi? Bu cür əlaqə şəxsi həyatın toxunulmazlığı prinsiplərini pozurmu?

Məsələ ilə bağlı vəkil Şəms Mirzəyeva SİA-ya açıqlamasında bildirib ki, müştərinin bank və ya kreditlə bağlı şəxsi məlumatları yalnız müştərinin özünə və onun yazılı etibarnamə əsasında səlahiyyət verilmiş rəsmi nümayəndəsinə təqdim oluna bilər:

"Bu qayda həm Mülki Məcəllədə, həm də "Banklar haqqında" Qanunda açıq şəkildə nəzərdə tutulmuşdur. Məlumatların üçüncü şəxslərə ötürülməsi yalnız qanunvericiliklə müəyyən edilmiş hallar çərçivəsində mümkündür. Yəni, müştərinin şəxsi və maliyyə məlumatları yalnız müvafiq dövlət orqanlarının qanuni sorğusu əsasında və ya "Banklar haqqında" Qanunda göstərilən xüsusi hallarda üçüncü tərəflərlə paylaşına bilər. Bu hallar istisna olmaqla, məlumatların üçüncü şəxslərə verilməsi qanun pozuntusu hesab olunur.

Xüsusilə kredit götürən şəxs bağladığı müqaviləni diqqətlə oxumalı, orada şəxsi məlumatların istifadəsinə dair bəndlərə xüsusi diqqət yetirməlidir. Müştəri bankla bağladığı müqavilədə məlumatlarının hansı hallarda paylaşılmasına razılıq verdiyini və ya vermədiyini bilməlidir.

Əgər müştəri öz məlumatlarının üçüncü şəxslərlə paylaşılmasına açıq şəkildə icazə verməyibsə və bu məlumatlar bank tərəfindən icazəsiz şəkildə yayılıbsa, bu halda müştərinin şəxsi məlumatlarının məxfiliyi pozulmuş sayılır və bu, hüquqi məsuliyyət doğura bilər. Müştəri belə hallarda məhkəməyə və ya aidiyyəti dövlət orqanlarına müraciət edərək hüquqlarının bərpasını tələb edə bilər. Müştərilər şəxsi məlumatlarının qorunması məsələsində həssas olmalı və banklarla münasibətlərində bu hüquqlarını bilməli, həmçinin pozulduğu təqdirdə müvafiq addımlar atmalıdırlar".