Azərbaycanın cənub-qərb hissəsində yerləşən Zəngilan rayonu 1993-cü ilin 29 oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu işğal nəticəsində minlərlə sakin doğma yurdunu tərk etmək məcburiyyətində qaldı, rayonun kəndləri, məktəbləri, mədəniyyət ocaqları, tarixi abidələri dağıdıldı. Lakin Azərbaycan xalqı heç vaxt bu torpaqlardan ümidini üzmədi — “Böyük Qayıdış” arzusu hər zaman canlı qaldı.
Bu arzu 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi ilə reallığa çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində düşmən üzərində parlaq qələbə qazandı. Məhz bu müharibənin gedişində, 2020-ci ilin 20 oktyabrında Zəngilan şəhəri və rayonun bir çox kəndləri işğaldan azad olundu. Bu hadisə təkcə bir rayonun azadlığı deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ idi. Zəngilanın azad edilməsi ilə Azərbaycan ordusu Araz çayına çıxış əldə etdi və bu, həm strateji, həm də mənəvi baxımdan böyük uğur idi. Zəngilanın azad edilməsi Qubadlı, Laçın və Şuşa istiqamətlərində əməliyyatların gedişatına ciddi təsir göstərdi. Rayonun coğrafi mövqeyi — Ermənistan, İran və Naxçıvanla sərhəddə yerləşməsi — onun bölgədəki strateji əhəmiyyətini daha da artırır. Bu uğur Azərbaycan Ordusunun həm planlı taktikasının, həm də yüksək döyüş qabiliyyətinin göstəricisi idi. Zəngilanın azadlığı ilə Cəbrayıl–Qubadlı–Laçın xətti üzrə tam nəzarət bərpa olundu.Prezident İlham Əliyev həmin günü xalqa müraciətində qürurla elan etdi: “Zəngilan şəhəri azad olunub! Azərbaycan Ordusu yeni qələbə qazanıb!”
Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı, paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işləri uğurla həyata keçirilir. Artıq Zəngilana həyat qayıdıb. Məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı məhz bu rayonla başladı. Belə ki, bu il rayonda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olundu. Sakinlərin əzəli və əbədi kəndlərinə köçürülməsinə 2022-ci ilin iyulundan başlanılıb və proses hazırda davam etdirilir.
Burada həyata keçirilən layihələr Zəngilanı “ağıllı şəhər və kənd konsepsiyası” ilə bərpa etməyi hədəfləyir. Xüsusilə Ağalı “Ağıllı kənd” layihəsi bu istiqamətdə ilk addım olub. Kənddə müasir enerji sistemləri, “yaşıl texnologiyalar”, tam rəqəmsal idarəetmə infrastrukturu yaradılıb. Artıq Zəngilan sakinlərinin bir hissəsi doğma yurdlarına qayıdış sevinci yaşayır. Bu gün Zəngilan Azərbaycanın yeni inkişaf simvoluna çevrilib. Şəhərdə və ətraf kəndlərdə yeni yollar, hava limanı, məktəblər, xəstəxanalar, parklar və ictimai binalar inşa edilir. Zəngilan Beynəlxalq Hava Limanı, Zəngəzur dəhlizi və yaşıl enerji layihələri regionu ölkənin mühüm logistika və iqtisadi mərkəzinə çevirir.
Abil Ağasəfov
YAP Qəbələ rayon təşkilatının sədri