Çinin Sinxua dövlət xəbər agentliyi Azərbaycanın fındıq və badamının Çinə ixracına dair protokolun imzalanması ilə bağlı xüsusi reportaj hazırlayıb. SİA xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev Çin nəşrinə Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Çinə işgüzar səfərinin nəticələri barədə danışıb.
O qeyd edib: “Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına səfər etdi. Bu səfər ikitərəfli əlaqələrə mühüm təkan verdi. Məhz bu əlaqələrin inkişafı çərçivəsində fındıq ixracı layihəsi həyata keçirildi, Azərbaycan istehsalçıları üçün dünyanın ən böyük bazarlarından birinə çıxış açıldı. Agentliyin nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycandan Çinə fındıq və badam ixracı ilə bağlı protokol imzalamaq idi. Biz çinli həmkarlarımız ilə sıx əməkdaşlığı davam etdiririk, toyuq məhsulları, alma və giləmeyvə kimi digər məhsulların ixracını genişləndirmək üçün birlikdə işləməyə davam edəcəyik”.
Şöbə müdirinin sözlərinə görə, protokolun imzalanması Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı məhsullarının ixracının daha da genişləndirilməsi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün möhkəm zəmin yaradır.
Xatırladaq ki, bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Çində səfərdə olub. Səfər zamanı Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi ilə Azərbaycandan Çinə ixrac edilən fındıq və badama olan təftiş, karantin və sanitar tələblərə dair protokol, habelə ərzaq məhsullarının idxalı və ixracı üzrə əməkdaşlıq mexanizmi haqqında sənəd layihəsi imzalanıb.