MGH-nin həkimləri uğurlu TAVİ əməliyyatı həyata keçiriblər

20 Oktyabr 2025 11:15 (UTC+04:00)

Dünya kardiologiyasında böyük nüfuza malik professor Antonio Colombonun moderatorluğu ilə keçirilən VII Azərbaycan İnvaziv Kardiologiya Konfransı çərçivəsində Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu və onun komandası tərəfindən canlı yayımda Transkateter Aortal Klapan İmplantasiyası əməliyyatını uğurla icra edib.

TAVİ əməliyyatı qısa müddət ərzində, yüksək peşəkarlıq və koordinasiya ilə həyata keçirilib. Bu nailiyyət Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin tibb heyətinin yüksək peşə hazırlığını bir daha nümayiş etdirib.
Konfransın sonunda professor Antonio Colombo Mərkəzi Gömrük Hospitalının komandası haqqında yüksək fikirlər səsləndirib, onların peşəkarlığını və əməliyyatın mükəmməl icrasını xüsusi vurğulayıb. Professorun bu dəyərləndirməsi, konfrans iştirakçıları və tibb ictimaiyyəti üçün olduğu kimi, Mərkəzi Gömrük Hospitalının kollektivi üçün də böyük qürur və motivasiya mənbəyi olub.

Qeyd edək ki, TAVİ əməliyyatı ürəkdəki aortal qapağın daralması zamanı açıq ürək əməliyyatı aparmadan, minimal invaziv üsulla qapağın dəyişdirilməsini təmin edən yüksək texnoloji müdaxilədir. Bu üsul xəstələrin reabilitasiya müddətini qısaldır və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.
Əlaqə:
Telefon: (012) 404 08 08
Veb-sayt: www.customshospital.az