87 cinayətin açılması təmin edilib - DİN

20 Oktyabr 2025 10:45 (UTC+04:00)

Oktyabrın 18-də və 19-da ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb. O cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 17 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 27 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 23,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 5 tüfəng, 12 patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər də saxlanılıb.