İsrail Qəzzada atəşkəsi bərpa etdi

20 Oktyabr 2025 02:51 (UTC+04:00)

İsrail, Fələstin HƏMAS hərəkatı tərəfindən atəşkəsin pozulmasına cavab olaraq Qəzzaya bir neçə zərbə endirdikdən sonra atəşkəs rejiminə riayət etməyə yenidən başlayıb. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) öz "Telegram" kanalında məlumat yayıb.

“Siyasi rəhbərliyin direktivinə uyğun olaraq və HƏMAS tərəfindən baş verən pozuntulara cavab olaraq həyata keçirilən bir sıra ciddi zərbələrdən sonra IDF atəşkəs rejiminin yenidən təmin edilməsinə başlayıb,” – deyə paylaşımda bildirilir.

Qeyd olunub ki, İsrail ordusu razılaşmanı dəstəkləməyə davam edəcək və onun hər hansı pozulmasına qətiyyətlə cavab verəcək.

Bundan əvvəl bildirilmişdi ki, İsrail ordusu bazar günü Qəzza sektorunda daha əvvəl bombalanmayan, girovların olduğu bölgələrə zərbələr endirib.

Oktyabrın 19-da IDF HƏMAS qruplaşmasının Qəzzanın cənubundakı obyektlərinə atəşkəsin pozulmasına cavab olaraq bir sıra hücumlar həyata keçirib.

İsrail ordusu həmçinin Qəzza sektorunun Rəfah şəhərindəki bir bölgəyə hava zərbələri endirdiyini açıqlayıb. Bu, terrorçuların tank əleyhinə raket atması və odlu silahlarla İsrail qüvvələrinə atəş açmasına cavab olaraq baş verib.