Almaniyanın paytaxtı Berlində “Stefan Schmidt Promotion” şirkətinin təşkilatçılığı ilə Avropanın müxtəlif ölkələrindən peşəkar idmançıların iştirakı ilə beynəlxalq boks çempionatı keçirilib. Yarışda Almaniya, Çexiya, Rumıniya, Böyük Britaniya və Macarıstandan olan idmançılar peşəkar rinqdə gərgin mübarizə aparıblar.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, çempionatın əsas qarşılaşması Maqdeburq şəhərində təsis edilmiş Ulu Öndər Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) orta çəki dərəcəsi üzrə dünya kəməri uğrunda on raundluq döyüş olub. 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə təsadüf edən həlledici qarşılaşmada almaniyalı boksçu Yastin Şmager Macarıstan təmsilçisi Ruben Romai ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən döyüşün doqquzuncu raundunda rəqibini nokdaunla məğlub edən Almaniya boksçusu WBCA-nın orta çəki üzrə dünya çempionu adını qazanıb.
Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının (DBL) rəhbəri Yaşar Niftəliyev mükafatlandırma mərasimində çıxış edərək, bu nüfuzlu turnirin Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb. Qeyd edib ki, Almaniyada təsis olunan WBCA və DBL birgə fəaliyyət göstərərək beynəlxalq arenada Azərbaycan Bayrağını ucaldır, Dövlət Himnimizi səsləndirməklə ölkəmizin idman şərəfini layiqincə təbliğ edir. Hər iki təşkilat azərbaycanlı və xarici idmançıları bir araya gətirərək, Ulu Öndər Heydər Əliyevin idmana göstərdiyi qayğının təbliği və idmançılara verdiyi tövsiyələrin yaşadılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir.
Qalib Azərbaycanı təmsil edən idmançıların Almaniyada və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərdə uğurla çıxış etdiklərini vurğulayan Yaşar Niftəliyev əlamətdar gün münasibətilə xalqımızı və diaspor nümayəndələrini təbrik edib, göstərilən dəstəyə görə minnətdarlığını bildirib.