Avstriyanın ən yüksək tirajlı "Kronenzeitung" gündəlik qəzetinin bazar günü buraxılışında Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə "Musiqi dünyaları arasında körpü qurucusu" adlı məqalə dərc olunub. SİA xəbər verir ki, qəzetin mədəniyyət redaksiyasının rəhbəri Ştefan Vaynberqerin bu il Üzeyir Hacıbəyli Festivalı çərçivəsində Bakıya səfərinin təəssüratları əsasında qələmə alınmış məqalədə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında oynadığı misilsiz roldan bəhs edilib.
Festival çərçivəsində mədəni tədbirlərə qatılan Ştefan Vaynberqer rəngarəng bədii proqram barədə də yazıb. O, Avstriya oxucusunun yaxşı tanıdığı dünya şöhrətli tenor Yusif Eyvazovun baş rolda çıxış etdiyi "Koroğlu" operasının Bakıda məşqlərini izlədiyini, onun səsinə valeh olduğunu da vurğulayıb.
Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının önəmli məqamlarından bəhs olunan məqalədə bəstəkarın ən məşhur əsərləri sırasında yer alan "Arşın mal alan"dan da yazılıb. Bildirilib ki, OdlarYurdunun zəngin mədəni müxtəlifliyi ilə yaxından tanış olmaq istəyənlər bu ayın sonunda Vyananın mərkəzində yerləşən "Akzent" teatrında alman dilində təqdim olunacaq bu musiqili komediyanı seyr etmək fürsətini qaçırmamalıdırlar.
Qeyd edək ki, məqalə müəllifinin Azərbaycana səfəri Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Turizm Bürosu ilə əməkdaşlığı ilə jurnalistlər üçün təşkil olunmuş media tur çərçivəsində reallaşıb.