"Ermənistan heç bir xarici təzyiq və diktə ilə hərəkət etmədiyini etiraf etmək istəmir" - ŞƏRH EDİLDİ

17 Oktyabr 2025 11:47 (UTC+04:00)

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın "Ermənistan heç bir üçüncü tərəf qarşısında konstitusiyanı dəyişmək öhdəliyi götürməyib" fikir fikri yeni deyil və əsasən daxili auditoriyaya yönəlmiş mesaj kimi başa düşülə bilər. Bundan əlavə , özünü qlobal birliyin üzvü və müstəqil dövlət olaraq sübut etməyə çalışan Ermənistan heç bir xarici təzyiq və diktə ilə hərəkət etmədiyini etiraf etmək istəmir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, eyni zamanda, Nikol Paşinyan hökumətinə qarşı daxildə ciddi təzyiqlər mövcuddur, buna görə də hökumət rəqibləri qarşısında siyasi reallıqları etiraf etməkdən çəkinir: "A. Mirzoyan bu səbəbdən də hökumətə qarşı təzyiqlərin artmasını istəmir və beynəlxalq səviyyədə Azərbaycanın şərtlərinə uyğun hərəkət etməyin etirafının ölkənin nüfuzuna zərər verəcəyini anlayır. Beləliklə, A.Mirzoyan bu ənənəvi bəyanatlarla Ermənistanın suveren dövlət olduğunu və heç kimin diktəsi ilə hərəkət etmədiyini göstərmək istəyir. Bu etirafla Ermənistan gələcəkdə ola biləcək Konstitusiya dəyişiklikləri üçün zəmin hazırlaya bilər.

Qərbə meyillənən Ermənistan həm də demokratik imicini və suveren davranışını Qərb dövlətlərinə nümayiş etdirmək istəyir, bu da onun inteqrasiya yolunda addımlarını dəstəkləyir. Bütün ehtimalları nəzərə alsaq, Ararat Mirzoyanın yenidən bu mövzunu gündəmdə gətirmək ehtiyacı həm sülh prosesini ləngitmək, həm öhdəliklərin icrasından yayınmaq, həm də vaxt qazanmaq məqsədilə verilmiş ola bilər".