Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olunub. Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat formatında interaktiv təlim təşkil olunub, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verilib. Narkotik maddələrin xüsusiyyətləri, eləcə də insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilib.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
Bununla yanaşı, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad Peşə Liseyində də "Gənclər narkotiklərə yox deyir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına mənfi təsirləri, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili barədə məlumat verilib. Sabirabad Peşə Liseyi tələbələrinin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.