""Varlı və kasıb" – insan kasıb da ola bilər, amma kasıb yaşayırsa, yoxsa ölürsə, dünyasını dəyişirsə, bu onun günahıdır – belə məşhur bir deyim var. Mən də həmişə bu deyimi xoşlayıram, təkrar etməyə dəyər". Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə,"varlı və kasıb təbəqə" və onların arasında "orta təbəqə" deyilən ifadələr məşhurdur: "Vəhşi kapitalizm dövründə, Qərbdə, varlı və kasıblar arasında çox böyük təbəqələşmə və uçurumlar vardı. O zaman sosial bərabərlik yox idi. Elm, texnika, mədəniyyət, əxlaq, ümumi ictimai davranış bu qədər inkişaf etməmişdi. Güclü dövlət və demokratik dəyərlər oturuşmamışdı.
İllər keçdikcə cəmiyyətin yeni nəsli, hər 30 ildən bir ölkənin və dünyanın dəyişməsi ilə bu məsələlərdə də böyük dəyişikliklər baş verdi. Təəssüf ki, biz Sovet dövründə yalnız orta və aşağı təbəqədən ibarət bir cəmiyyət formalaşdırmışdıq. SSRİ dağıldıqdan sonra keçmiş sovet məkanının bütün iqtisadi, sosial, mədəni, elmi, texnoloji şəbəkəsi məhv oldu. Onun yerinə müstəqil respublikalar yarandı. Bu respublikaların içində Azərbaycan da vardı və Azərbaycan inkişaf etməyə başladı.
Azərbaycanın neft kontraktları, iqtisadi əlaqələri, yerləşdiyi coğrafi mövqe və dövlətin güclənməsi sosial məsələlərə də diqqət ayırmağa imkan yaratdı. Amma yenə də istənilən halda, nə qədər dövlət sosial sahələrə büdcədən vəsait ayırsa da, fərdi səviyyədə insanlar daha çox maddi imkan, maaş, var-dövlət, təzə ev, xarici maşın istəyirlər.
Əhali, xüsusilə də kasıb təbəqənin nümayəndələri bunun üçün çox az çalışırlar. Kapitalist dünyasında işləməyən heç vaxt varlı ola bilməz. İşləmək üçün siz orta məktəbdən başlayaraq ali təhsil ocaqlarına, peşə məktəblərinə qədər daim oxumalısınız. Ali məktəbdən sonra da sahənizə uyğun innovativ təşəbbüslərlə, texnologiyalarla tanış olmalı, biliklərinizi artırmalısınız. Bizdə nə baş verir? Bizdə həm orta məktəb attestatı, həm də ali məktəb diplomu əsasən sadəcə bir kağız parçası kimi qəbul olunur. İnsanlar illərlə universitetlərdə oxuyurlar, valideynlərinin min bir əziyyətlə qazandığı pulları sərf edirlər, amma nəticədə çox az hissə bacarıqla universiteti bitirir. Bu da o deməkdir ki, diplom var, amma iş bacarığı yoxdur.
Nəticədə işsiz qalırlar, ya da uyğun olmayan işlərə gedirlər və kasıblıqdan çıxa bilmirlər. Halbuki, internetin və texnologiyanın inkişafı ilə dünyada imkanlar genişlənib, lakin zəif təhsil sistemi olan cəmiyyətlər bu imkanlardan yararlana bilmir. Misal üçün, Çin çox sürətlə inkişaf edir və bəzi sahələrdə artıq ABŞ-ı belə geridə qoyur. Amma Azərbaycanda hələ də varlı və kasıb təbəqə mövzusunda ciddi dəyişikliklərə nail ola bilmirik. Dövlət sosial proqramlar həyata keçirsə də, vətəndaşlar hər şeyi dövlətdən gözləyir, özləri təşəbbüs göstərmir.
Məşğulluq idarələri müxtəlif texnikalar, kənd təsərrüfatı avadanlıqları, heyvanlar verir. Kurslar təşkil olunur, treninqlər keçirilir. Amma bir müddət sonra bəzi insanlar tənbəllik edib bu imkanlardan istifadə etmir, avadanlıqları satır, yenidən dövlətdən yardım istəyirlər. Əgər sən özün istəmirsənsə, nə ata, nə dövlət, nə də kimsə sənə uzunmüddətli kömək edə bilər. Bu da nəticə etibarilə cəmiyyətdə gəlir bölgüsündə dərin uçurumlar yaradır. Həmçinin, Qarabağ müharibəsi və onun yaratdığı sosial sabitlik pozuntuları da təsirsiz ötüşmür. Bu prosesləri aradan qaldırmaq üçün dövlət daim çalışır. Yeni iş yerləri, xidmət sahələri yaradılır, sosial məsələlərə ayrılan büdcə vəsaiti artırılır. Amma vətəndaşlar da bir neçə addım atmalıdır ki, bu imkanlardan faydalana bilsinlər.
Sonda onu da qeyd edim ki, əgər hansısa bacarığınız yoxdursa, yeni peşələr öyrənin, yeni sənətlərə yiyələnin. Heç olmasa, orta təbəqəyə daxil olun ki, özünüzü və ailənizi dolandıra biləsiniz. Əks halda, gələcəkdə dünya əhalisinin sosial, iqtisadi, ekoloji və səhiyyə problemləri daha da artacaq. Ekoloji fəlakətlər, ərzaq təhlükəsizliyi, şirin su çatışmazlığı, iqlim dəyişikliyi, xəstəliklərin yayılması – bütün bunlar kasıblara daha çox təsir edəcək. Ona görə də artıq indidən hər kəs özünə iqtisadi dayaq yaratmalıdır ki, gələcəyin bu çətinliklərindən çıxa bilsin".