Müasir dövrdə texnologiya insan həyatının mərkəzinə çevrilib. Günümüzün böyük hissəsi ekran qarşısında keçir, sosial münasibətlər, iş, hətta duyğular belə rəqəmsal platformalar üzərindən idarə olunur. İnformasiya bolluğu və sürətli ünsiyyət imkanları insanı dünyaya daha yaxınlaşdırır kimi görünsə də, əslində onu tədricən reallıqdan uzaqlaşdırır. Bu uzaqlaşma təkcə fiziki deyil, həm də sosial və emosional təcrid formasında təzahür edir. İnsan daha az danışır, daha çox baxır. Daha az yaşayır, daha çox izləyir.
Son illərdə bu hal xüsusilə gənclər arasında daha aydın görünür. Texnologiyanın gətirdiyi rahatlıqla birlikdə yaranan rəqəmsal asılılıq, fərdləri cəmiyyətdən, ailədən, hətta öz bədənlərindən belə uzaqlaşdırır. Artıq bir çox gənclər üçün həyat virtual mühitdə yaşanan, lakin real toxunuşdan uzaq bir təcrübəyə çevrilib.
Bu vəziyyətin simvolik nümunələrindən biri Hatayda yaşayan 23 yaşlı Barış Özbayın həyatıdır. Barış üç ilə yaxındır ki, evdən çıxmır. Onun həyatı yalnız telefon və kompüter üzərində qurulub. Günlərini virtual oyunlar, sosial media və internetdə keçirməklə yaşayır. O, artıq nə çimir, nə paltarını dəyişir, nə də şəxsi təmizliyinə fikir verir. Fiziki olaraq sağ olsa da, sosial və emosional baxımdan tam təcrid olunub. Ailəsi və yaxınları onunla əlaqə qura bilmir, çünki Barış artıq reallıqla əlaqəsini kəsib, sanal bir dünyada, lakin tənha şəkildə mövcuddur.
Barışın vəziyyəti fərdi psixoloji problem kimi görünsə də, əslində bu hal bütöv bir nəsli təsvir edən sosial simptomdur. Texnologiyanın inkişafı ilə birlikdə yaranan bu “rəqəmsal təcrid” müasir insanın yeni kimliyini formalaşdırır. Artıq insan özünü reallıqda deyil, virtual məkanda tapmağa çalışır. Sosial münasibətlər ekranlar vasitəsilə qurulur, dostluqlar “onlayn” ölçülür, emosiyalar isə ikonalarla ifadə olunur. Bu, insanın cəmiyyətlə əlaqəsini yenidən müəyyənləşdirən, lakin eyni zamanda onu tənhalığa sürükləyən ziddiyyətli bir prosesdir.
Rəqəmsal təcrid anlayışı sosial elmlər üçün yeni olsa da, kökləri insanın cəmiyyətlə münasibətindəki tarixi gərginliklərə dayanır. Cəmiyyət daim fərddən uyğunlaşma, iştirak və məsuliyyət tələb edib. Lakin müasir dövrdə bu tələb informasiyanın həddindən artıq çoxluğu, sosial müqayisə və rəqabətin artması fonunda fərdi tükəndirib. İnsan reallığın təzyiqindən qaçaraq, ekran arxasında öz “təhlükəsiz sığınacağı”nı qurur. Bu sığınacaq isə azadlıq gətirmir əksinə, tənhalığın müasir formasına çevrilir.
Bu araşdırma məhz bu paradoksu, rəqəmsal imkanlarla dərin tənhalığın yanaşı mövcudluğunu araşdırmaq məqsədi daşıyır. Barışın vəziyyəti fərdi bir hal kimi görünə bilər, amma bu, təkcə bir gəncin psixoloji pozuntusu deyil. Bu, müasir dünyanın yetişdirdiyi “rəqəmsal təcrid”in bariz təcəssümüdür. Burada insan bədənən cəmiyyətin içində olsa da, mənən ondan ayrılıb. Sosial sistemin bir hissəsi olmaq əvəzinə, onun kənarında, öz virtual kimliyinin içində ilişib qalır.
Barışın davranışlarını anlamaq üçün onu təkcə “tənbəl” və ya “asosial” kimi dəyərləndirmək kifayət etmir. Onun həyat tərzi bir sıra sosial və psixoloji mexanizmlərin birləşdiyi nöqtədə formalaşıb. Sosial təzyiqlər, gənclikdə gələcək qorxusu, ailə içindəki emosional boşluq və texnologiyanın yaratdığı rahat qaçış məkanı. Bütün bunlar birləşərək onu gerçək həyatla bağlayan körpüləri kəsib.
Bu mənzərəni fransız sosioloqu Émile Durkheimin “anomiya” anlayışı ilə də əlaqələndirmək olar. Durkheim deyirdi ki, cəmiyyətdə normativ sistem dağılmağa başlayanda fərd öz yerini, mənasını itirir. Barışın vəziyyəti də elə bu anomiya halının fərdi səviyyədəki əksidir. Qaydalar, məqsədlər, sosial gözləntilər onun dünyasında artıq işləməyən mexanizmlərə çevrilib.
Digər tərəfdən, Erving Goffmanın “sosial rollar” nəzəriyyəsinə görə, insan hər gün müxtəlif situasiyalarda fərqli rollar oynayır: övlad, dost, işçi, tələbə və s. Barış isə artıq bu səhnələrdən heç birində iştirak etmir. O, sosial tamaşadan çıxıb. Ekran qarşısında “avatar” adlanan rəqəmsal maska taxaraq varlığını başqa bir dünyada davam etdirir.
Bu hadisə fərdi psixoloji hal deyil, həm də rəqəmsal asılılıq fenomeninin canlı nümunəsidir. Rəqəmsal asılılıq dedikdə, insanın texnoloji vasitələrə, xüsusilə internet və oyun platformalarına olan psixoloji, emosional və davranışsal bağlılığı başa düşülür. Bu bağlılıq insanın gündəlik funksiyalarını, sosial münasibətlərini və özünü qəbul etməsini ciddi şəkildə dəyişdirir.
Sosioloq Sherry Turkle qeyd edir ki, virtual aləm insanın “özünü yenidən kəşf etməsi” üçün imkan yaradır, lakin bu proses fərdi identiklikdə parçalanmaya da yol açır. Barışın vəziyyətində bu görünür ki, real həyatda sosial rolunu oynamaqdan çəkinir amma virtual aləmdə avatarı, oyun personajları və sosial media profili vasitəsilə özünü ifadə edir. Burada problem odur ki, virtual kimlik real identikliyi əvəz edir, nəticədə fərd özü ilə əlaqəsini zəiflədib, yalnız ekran qarşısında mövcud olur.
Baumanın maye modernlik nəzəriyyəsi də bu vəziyyətlə uyğundur. Gənclərin münasibətləri, dəyərləri və sosial bağları artıq sabit deyil və hər şey maye və keçicidir. Barışın virtual aləmdə qurduğu əlaqələr, dostluqlar və uğurlar real həyatda onun sosial mənasını bərpa etmək əvəzinə, yalnız müvəqqəti doyum verir. Bu, fərdin sosial və emosional inkişafını dayandırır.
Psixoloji aspektdən baxsaq, Frommun azadlıq və qaçış nəzəriyyəsi burada aydın görünür. Barış real dünyadakı təzyiqlərdən, sosial gözləntilərdən qaçaraq ekran arxasında “təhlükəsiz bir sığınacaq” qurub. Bu sığınacaq müvəqqəti təhlükəsizlik verir, lakin uzun müddətdə onun sosial bacarıqlarını və reallıqla bağlarını zəiflədir. Fərd virtual aləmdə təhlükəsizdir, amma həm də tənhadır. Ekranın arxasında var, amma real sosial həyatda yox.
Rəqəmsal asılılıq həm də kimlik böhranı yaradır. İnsanlar gerçək həyatda uğursuz və ya mənasız olduqlarını hiss etdikdə, virtual mühitdə özlərinə “mükəmməl versiya” yaradırlar. Barışın oyunlardakı və sosial mediadakı davranışları bu mənada nümunədir. Real dünyada pasiv, təcrid olunmuş fərd, virtual aləmdə aktiv və uğurlu persona yaradır. Bu isə həyatın ikiqat realiti problemini doğurur, fərd ekran arxasında özünü tanıyır amma real həyatda özünü itirir.
Digər tərəfdən Barış Özbayın təcridi təkcə onun fərdi seçimi deyil, həm də ailə və cəmiyyətin rolunun geriləməsi nəticəsində ortaya çıxan sosial bir fenomendir. Sosial münasibətlər sistemi zəiflədikdə, ailə və cəmiyyət fərdin emosional, sosial və davranışsal dəstəyini təmin edə bilmir. Bu boşluq isə Barış kimi gənclərin virtual aləmə yönəlməsini sürətləndirir. Yəni Barışın ailəsi onun fiziki ehtiyaclarını təmin edir (yemək, geyim, yaşayış) lakin emosional və sosial dəstək verə bilmir. John Bowlbynun bağlılıq nəzəriyyəsinə görə, erkən yaşda qurulan emosional əlaqələr fərdin sosial və emosional sağlamlığında əsas rol oynayır. Barışın ailəsi onun yanında olsa da, uzunmüddətli təcrid və sosial uzaqlıq emosional dəstəyin yetərsiz olduğunu göstərir. Bu da fərdin virtual aləmə daha çox bağlanmasına səbəb olur.
Bu həm də ictimai strukturun boşluğu ilə bağlıdır. Məktəb, universitet və iş mühiti kimi sosial institutlar, gənclərin sosial bacarıqlarını formalaşdırmaqda və mənsubiyyət hissi yaratmaqda yetərli dəstəyi təmin edə bilmir. Nəticədə, bu boşluq Barışın virtual dünyaya sığınmasını gücləndirir.
Barış Özbayın vəziyyəti yalnız onun şəxsi hekayəsi deyil. Bu, bizim gələcəyimizlə bağlı xəbərdarlıqdır. Texnologiya həyatımızı asanlaşdırır, amma eyni zamanda bizi təcrid edir, bizdən real insan münasibətlərini, duyğuları və sosial əlaqələri alır. Əgər indi hərəkət etməsək, daha çox gənc Barış kimi ekran arxasında itəcək, tənhalığa sürüklənəcək.
Biz, cəmiyyət olaraq, bu gənclərin yanında olmalıyıq. Onlara yalnız yemək və geyim vermək kifayət deyil. Onlara qulaq asmaq, onları dinləmək, real həyatla bağlarını qorumaq lazımdır. Ailələr, müəllimlər, dostlar hamımızın rolu var. Hər birimiz gənclərin içindəki tənhalığı görməli, onları ekran arxasında itirmədən, real həyatda həyatın gözəlliklərini göstərməliyik. Məktəblər, universitetlər, sosial institutlar gənclərin sosial bacarıqlarını gücləndirməli, onlara mənsubiyyət hissi verməli və texnologiyanı balanslı istifadə etməyə öyrətməlidir. Virtual uğur reallıqla paralel olmalıdır. Gənc yalnız ekran arxasında deyil, həyatda da uğur qazanmalıdır.
Gələcəyimizi xilas etmək bizdən asılıdır. Tənhalığa sürüklənən Barışlar yalnız fərdlərin deyil, cəmiyyətin problemidir. Onlara dəstək olun, eşidin, göstərin ki, reallıq hələ də gözəl, həyat isə yaşanmağa dəyər. Biz birlikdə hərəkət etsək, gələcəkdə təcrid və rəqəmsal asılılıq tələlərini qırmaq mümkündür. Həyat ekran qarşısında deyil, real dünyada baş verir. Gəlin gənclərimizi, həm özümüzü, həm də gələcəyimizi itirməyək. Onları, bir-birimizi və dünyamızı yenidən yaşamağa dəvət edək.
Nigar Şahverdiyeva
Sosioloq, araşdırmaçı yazar