2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində oktyabrın 17-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə Xaçmaz şəhərində “Konstitusiya və dövlət suverenliyi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda işgüzar konfrans təşkil ediləcək. SİA-nın bölgə müxbiri xəbər verir ki, həmin gün Baş Prokurorluğun təşəbbüsü ilə Xaçmaz Rayon Prokurorluğunda “Açıq qapı” günü və “Milli suverenlik və hüquqi təminatlar: Prokurorluğun rolu” adlı seminar da təşkil olunacaq.
Tədbirlərdə Sumqayıt şəhər, Quba, Qubadlı, Qusar, Siyəzən, Şabran, Xaçmaz və Xızı rayon, eləcə də Sumqayıt hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, bölgədə fəaliyyət göstərən media nümayəndələri, dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edəcəklər.
Konfransda 300-dən çox şəxsin iştirakı gözlənilir.
Mühüm tədbirlərdə konstitusiya dəyərlərinin qorunması, dövlət suverenliyinin hüquqi əsasları və müasir çağırışlar barədə müxtəlif mövzularda çıxışlar dinləniləcək, səmərəli müzakirələr aparılacaq.
Tədbir Baş Prokurorluğun təşəbbüsləri çərçivəsində hüquq-mühafizə orqanlarının ictimaiyyətlə əməkdaşlığının gücləndirilməsi və yeni yanaşmaların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edəcək.