ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin professoru BDU-da mühazirələrə başlayıb

16 Oktyabr 2025 11:42 (UTC+04:00)

ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin Riyaziyyat departamentinin professoru Azər Əhmədov Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat və Fizika fakültələrinin tələbələri üçün “Üçölçülü həndəsə və topologiya” kursu üzrə mühazirələrə başlayıb. BDU-dan SİA-ya bildirilib ki, kursun məqsədi həndəsə və topologiyanın fundamental anlayışlarını, çoxölçülü fəzaların quruluşu və simmetriyalarını tələbələrə sistemli şəkildə öyrətməkdir. Mühazirələr bir ay müddətində, həftədə üç dəfə olmaqla keçiriləcək.

Professor Azər Əhmədov 1996-cı ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsini bitirib. O, dünyaşöhrətli riyaziyyatçı, Filds və Abel mükafatları laureatı Qriqori Marqulisin yetirməsidir.

İlk mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb və geniş elmi müzakirələrə səbəb olub. Professor Azər Əhmədov tələbələrin çoxsaylı suallarını cavablandıraraq, müasir riyaziyyatın aktual istiqamətləri barədə elmi mülahizələrini bölüşüb.