"Qarabağ və Şərqi Zəngəzurun bərpası intensiv şəkildə davam etdirilir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş şəhərlərimizdə artıq şəhər günləri qeyd olunmaqdadır və 17 oktyabr Füzuli şəhər günü kimi qeyd olunur. Füzuli şəhəri daxil olmaqla, biz Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpasını və yenidən qurulmasını müşahidə edirik: "Artıq Qarabağ və Şərqi Zəngəzurda 60 minə yaxın vətəndaşımız yaşayır və çalışır. Onlardan 20 minə yaxını keçmiş məcburi köçkünlərdir. Üç mindən artıq vətəndaşımız Füzuli şəhərində məskunlaşıb. Təbii ki, Qarabağ və Şərqi Zəngəzur böyük iqtisadi potensiala malik bölgələrimizdir və bu isə onu göstərir ki, həmin iqtisadi rayonlarımızda formalaşan potensial bir tərəfdən Azərbaycan iqtisadiyyatının inkişafını təşviq edəcək və sürətləndirəcək, digər tərəfdən Qarabağ yaxın gələcəkdə ölkənin iqtisadi inkişafının əsas drayverlərindən birinə çevriləcək. Çünki əgər biz ümumi qiymətləndirməni aparsaq, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının təxminən 10%-ni formalaşdırmaq potensialına malikdir. Bu isə təxminən 15 milyard manatlıq əlavə dəyərin yaranması deməkdir. Bu da o deməkdir ki, növbəti dövrlərdə xüsusilə qeyri-neft sektorunun inkişafında Qarabağın xüsusi rolu olacaq. Əvvəllər işğaldan azad olunmuş ərazilərimiz daha çox aqrar sektora yönəlibsə də, artıq bu ərazilər həm sənaye, həm də innovativ sahələrdə inkişaf etdirilir. Təkcə Xankəndi və Xocalıya yönələn investisiyaların həcmi son iki ildə 65 milyon manata yaxın olub. Bu isə onu göstərir ki, sərmayə cəlbi praktik olaraq bu zonalarda iqtisadiyyatın daha sürətli inkişafına əsas yaradır və ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda formalaşan iqtisadi potensial Azərbaycan iqtisadiyyatına yeni dəyər qatacaq".