Oktyabrın 15-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. O cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 22 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən olunub. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 6 tüfəng və 1 patron darağı aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər də saxlanılıb.