"Bu gün çox təəssüflər olsun ki, biz uşaqlarımızı milli düşüncə sahəsində, vətənpərvərlik idealları ilə yetişdirə bilmirik". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, onların sadəcə milli kimliyini, vətənpərvərlik ideallarını düşünməyə vaxtı olmur: "Fasiləsiz olaraq imtahana hazırlaşan, durmadan oxuyan, kurikulum girdabında boğulan gənclik milli-mənəvi məsələlərə vaxt ayıra bilmir. Biz hər baxımdan savadlı, yenilikçi, ixtiraçı gənclik yetişdirəcəyik, çünki bütün gücümüzü onların təhsilinə yönəltmişik, bütün kapitalımızı bu yolda xərcləyirik, amma o nəsil nə qədər vətənpərvər olacaq, bu sual altındadır.
Dövrün gənci təhsil çətinliyi və iş problemləri arasında qalıb əzilir. Maddi problemləri başından aşıb-daşan biri üçün vətənpərvərlik ideyaları, milli kimlik məsələləri nə qədər real görünür? Valideyn oxumaqdan gözü qapanan, kitabının üstündə yatan övladına vətənpərvərlikdən nə danışsın? Qəbul imtahanında ondan soruşulacaq suallar arasında vətənpərvərlik mövzusu nə qədər yer tutacaq? Məktəblərdə hərbi hazırlıq dərsi demək olar ki keçilmir, gənclər əsgər gedənədək silahı tanımırlar, vətəni qorumaq yolunda minimum bacarıqları olmur. Həyat günü-gündən çətinləşir, indi yaşamaq bahalıdır. İş və təhsil arasındakı məngənədə sıxışıb qalan gəncin bu problemlər fonunda sizcə vətənpərvər olmağa vaxtı qalırmı? Vətəni uğrunda bədən əzalarını səngərdə qoyub geri qayıdan gənclərin işsizliyi, dolanışıq problemlərini görənlər sizcə vətənpərvər olmaq üçün yarışarmı?".