2029-cu ildən dövlətin cari xərcləri tamamilə qeyri-neft gəlirləri hesabına qarşılanacaq

16 Oktyabr 2025 10:11 (UTC+04:00)

2029-cu ildə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına tam təmin olunacağı gözlənilir. Bu isə qeyri-neft gəlirlərinin artımı ilə yanaşı cari xərclərin optimallaşdırılması hesabına mümkün olacaq. SİA-nın xəbərinə görə, bu məlumat Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.

Məlumata görə, 2026-cı ildə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına 88.1% təmin olunacağı gözlənilir. 2027-ci ildə bu göstəricinin artaraq 95,2%-ə, 2028-ci ildə 98,7%-ə, 2029-cu ildə isə 101,5%-ə çatacağı proqnozlaşdırılır.

Məlumata görə, eyni dövrdə cari xərclərin artım tempi 2026-cı ildə 1,65%, 2027-ci ildə -0,5%, 2028-ci ildə 2,3% və 2029-cu ildə 2,5% olacaq.