Dövlət Məşğulluq Agentliyi və ANAMA növbəti peşə hazırlığı kursu təşkil edib

16 Oktyabr 2025 07:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq çərçivəsində növbəti peşə hazırlığı kursu təşkil edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarında iştirakı nəzərdə tutulan yeni müdavimlər üçün ANAMA tərəfindən “Humanitar Minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” təlimləri keçirilib.

Nəzəri və praktiki təlimlərin əsas məqsədi təlimlərə cəlb edilmiş müdavimlərə humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi üzrə bilik və bacarıqların öyrədilməsidir.

Həmin təlimlərlə birgə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində müdavimlərə “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” mövzusu üzrə hazırlıq kursları da təşkil edilib. Kursa 48 müdavim cəlb edilib.

Onlarla texniki standartlar və təhlükəsizlik, ilkin yardımın əsasları, zərərçəkmişin təxliyəsi, təhlükənin idarə olunması, texniki təhlükəsizlik qaydaları kimi biliklər paylaşılıb.

Bununla da ANAMA ilə Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurslara cəlb edilən müdavimlərin sayı 243-ə çatıb.

Qeyd edək ki, həmin şəxslər artıq işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətində iştirak edərək, ərazilərin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi əməliyyatlarına öz töhfələrini verirlər.