“Türk dünyasında qadın gücü” adlı tədbir keçirilib

15 Oktyabr 2025 19:31 (UTC+04:00)

“Bakı KOB evi”ndə “Türk dünyasında qadın gücü” adlı tədbir keçirilib. Tədbir Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı, Türkiyənin Samsun İş Qadınları Dərnəyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunub.

SİA xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyə tərəfindən qadın sahibkarlar iştirak ediblər.

Tədbirin məqsədi Azərbaycan və Türkiyə qadın sahibkarları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, qadınların iqtisadi fəallığının artırılması, təcrübə və fikir mübadiləsinin aparılması, həmçinin gələcək birgə layihələr üzrə əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi olub.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini Samir Hümbətov, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Samsun İş Qadınları Dərnəyinin (SAMİKAD) İdarə Heyətinin sədri Şehnaz Dereli, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva və digərləri çıxış ediblər. Çıxışlarda qadın sahibkarlığının inkişafı istiqamətində dövlət dəstəyi mexanizmləri, qadınların sosial-iqtisadi həyatda rolunun artırılması, həmçinin Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında qadın sahibkarların rolu barədə məlumat verilib.

Həmçinin tədbirdə qeyd edilib ki, “Türk dünyasında qadın gücü” adlı tədbir qadın sahibkarlar arasında yeni əməkdaşlıq körpülərinin qurulması, təcrübə paylaşımı və gələcək ortaq təşəbbüslərin formalaşdırılması baxımından əhəmiyyətlidir.