“Son günlərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müxtəlif platformalarda və müxtəlif coğrafi ərazilərdə qatıldığı beynəlxalq tədbirlərə, forumlara, sammitlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu qat-qat artıb və Azərbaycana olan maraq daha da yüksəlib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, xüsusilə də cənab Prezidentin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət öz məntiqi nəticəsini verməkdədir:
"Həm Avropa Siyasi Forumu zamanı qarşılaşdığımız mənzərə, həm də əvvəllər Azərbaycana qarşı tənqidi mövqe tutan ölkə rəhbərlərinin cənab Prezidentlə ünsiyyətə maraq göstərməsi və cənab Prezidentin əldə etdiyi sülh və bu yolda atdığı addımlar çox diqqətçəkicidir. MDB sammitində də cənab Prezidentə olan maraq nəzərə çarpırdı. Rusiya ilə son dövrlərdə yaşanan soyuqluğun aradan qaldırılması üçün Vladimir Putinin verdiyi mesajlar və Azərbaycanın mövqeyini nəzərə alan çıxışları mühüm idi. Azərbaycan ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının sammitində də diqqət mərkəzində oldu, qəbul edilən qərarlar Türk Birliyinin güclənməsinə yönəlmişdi. Bütün bunlarla yanaşı, Şarm əl-Şeyxdə keçirilən Şərq Sülh Sammitinə ABŞ prezidenti Donald Trump tərəfindən cənab Prezident İlham Əliyevin dəvət olunması Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunan, seçilən ölkə olduğunu göstərdi. Dünya gündəmini zəbt edən İsrail-Fələstin münaqişəsində sülh təşəbbüsləri çərçivəsində Azərbaycanın rolu xüsusi vurğulanır. Artıq Azərbaycan yalnız regional deyil, qlobal aktora çevrilib. Donald Trump-ın cənab Prezident İlham Əliyevə müraciətləri, birgə şəkillər və sammitlərdə qarşılanan münasibət onu deməyə əsas verir ki, Azərbaycan çox düzgün yoldadır və həyata keçirilən siyasət öz bəhrəsini verməkdədir. Azərbaycan, məhz, Qəzza probleminin həllində çox böyük rol oyanayacaq. İsrail-Türkiyə münasibətlərinin normallaşmasında körpü rolunu oynaya bilər. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işləri Azərbaycanın təcrübəsini bölüşmək imkanını yaradır. Humanitar yardım və mina təmizləmə sahəsində də Azərbaycan təcrübəsini bölüşməyə hazırdır. Bir sözlə, Prezident İlham Əliyevin beynəlxalq platformalarda iştirakı, keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər Azərbaycanın gücünə güc qatır, iqtisadi inkişafına xidmət edir və uzunmüddətli sülhə töhfə verir. Artıq dünya dövlətləri, o cümlədən vaxtilə Azərbaycana qarşı mövqe tutanlar da bu siyasətin uğurlu olduğunu qəbul edir. Azərbaycanın müstəqil siyasəti və regional təşəbbüsləri nəticəsində Zəngəzur dəhlizi kimi mühüm layihələrin də reallaşacağına inam artır. Beş il öncəki hərbi zəfər bu gün diplomatik və iqtisadi uğurlara çevrilir. Azərbaycan uğurdan uğura imza atır və daha böyük nailiyyətlərə doğru irəliləyir".