Məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

15 Oktyabr 2025 18:28 (UTC+04:00)

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında “Hər qarışı Vətəndir” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə “BDU könüllüləri” təşkilatının dəstəyi ilə keçirilib.

SİA-nın məlumatına görə, BDU-dan bildirilib ki, mərasimdə çıxış edən rektor Elçin Babayev Qərbi Azərbaycanın əzəli torpaqlarımız, qan yaddaşımız olduğunu bildirib. O qeyd edib ki, Qərbi Azərbaycan məsələsini milli-mənəvi yaddaşımızda daha da möhkəmləndirmək üçün ali təhsil müəssisələrinin, alim və tələbələrin üzərinə böyük məsuliyyət düşür. Bunun üçün arxiv sənədləri, şəkilləri əsasında tədqiqatlar aparılmalı, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı beynəlxalq hüquq istiqamətində atdığı addımlara dəstək göstərilməlidir. Keçirilən müsabiqə bu baxımdan çox önəmlidir: “Prezident İlham Əliyev ən yüksək kürsülərdən ölkəmizin mövqeyini bəyan edir. Qərbi Azərbaycan İcması bu istiqamətdə uğurla fəaliyyət göstərir. BDU-da Erməni Araşdırmaları və Təlim Mərkəzi fəaliyyət göstərir. Son illər BDU-da Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb. Hazırda bir neçə fakültənin iştirakı ilə Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılır”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışlarında müsabiqənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, milli yaddaşın və tarixin öyrənilməsində ədəbiyyat çox təsirli vasitədir. “Hər qarışı Vətəndir” mövzusunda məqalə müsabiqəsi tarixi yaddaşa qayıdış yolunda önəmli vasitədir.

Sonda müsabiqənin qalibləri mükafatlandırılıb. BDU tələbələri Qasım Xəlilov I, Hümbət Bədəlov II, Sumqayıt Dövlət Universitetinin tələbəsi Nigar Xanəliyeva III yerə layiq görülüblər. Azərbaycan Dövlət İqtisad Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələri Aygün Fərzəliyeva, Yasin Salehov və Rahilə Məmmədova isə həvəsləndirici mükafata layiq görülüblər.