Pakistan Kabilə raket zərbəsi endirib...

15 Oktyabr 2025 18:24 (UTC+04:00)

Pakistan Kabilə raket zərbəsi endirib.

"The Moscow Times" xəbər verir ki, Amaj News-un mənbələrinə görə, döyüş təyyarələrindən istifadə etməklə paytaxtın Taimani rayonundakı hədəflərə ən azı dörd raket atılıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Samaa TV məlumatlı mənbələrə istinadən Spin Boldak rayonunda “Taliban” mövqelərinə də hücum edildiyinə aydınlıq gətirib. Bundan başqa, Pakistan ordusu Qəndəhar əyalətində “Taliban”ın əsas sığınacaqlarına hədəfli zərbələr endirib, 4-cü Batalyonu və 6-cı Sərhəd Briqadasını “məhv edib”. Telekanalın mənbələrinə görə, “Taliban” itkiləri 200-ə qədər ölüb.

Bu gərginlik oktyabrın 15-də iki ölkə sərhədində səhər saatlarında baş verən toqquşmadan sonra baş verib.

“Reuters” “Taliban”ın sözçüsünə istinadən xəbər verir ki, döyüşlər zamanı azı 12 mülki şəxs həlak olub, 100-ə yaxın insan yaralanıb. “Taliban” iddia edir ki, Pakistan qüvvələri hücuma başlayıb və əfqan qüvvələri buna cavab olaraq “çoxlu sayda Pakistan əsgərini” öldürüb, onların postlarını və hərbi texnikasını ələ keçirib.

Pakistan hakimiyyəti isə öz növbəsində insidentdə “Taliban”ı günahlandırıb və onların ərazisində 4 mülki şəxsin xəsarət aldığını bildirib.

İki ölkə arasında son gərginlik oktyabrın 9-da “Taliban”a bağlı Təhrik-e-Taliban Pakistanın sərhəddəki Kurram bölgəsində hərbi karvana hücumundan sonra başlayıb. Oktyabrın 10-da Pakistan Kabildə qruplaşmanın liderlərindən birinə qarşı hava hücumu təşkil edib, ertəsi gün isə “Taliban” Pakistanın sərhəd məntəqələrinə hücum edib.

Əli Babayev