"ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq Sülh Sammitində Prezident İlham Əliyevi güclü lider adlandırması və Azərbaycan-Ermənistan münasibətlərində Vaşinqtonun vasitəçi roluna xüsusi diqqət çəkməsi təsadüfi diplomatik kompliment deyil. Bu bəyanatlar həm regional, həm də qlobal səviyyədə ABŞ diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, Tramp administrasiyası uzun müddət Yaxın Şərq və Şərqi Avropa regionlarına fokuslandıqdan sonra indi Cənubi Qafqazda da balanslı təsir mexanizmini gücləndirməyə çalışır. ABŞ üçün bu region enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və Rusiya - Çin təsirinin məhdudlaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycan sabit, proqnozlaşdırılan və regional əməkdaşlıqda mühüm rolu olan tərəfdaş kimi ön plana çıxır. Trampın İlham Əliyevi güclü lider kimi səciyyələndirməsi həm də ABŞ-ın regional siyasətində praqmatik yanaşmanın göstəricisidir. Tramp administrasiyası ənənəvi olaraq şəxsi lider münasibətlərinə böyük önəm verir. O, regional sabitliyə nail olmağın ən səmərəli yolunu güclü siyasi liderlərlə birbaşa dialoqda görür. Bu baxımdan, Əliyevə olan rəğbət yalnız şəxsi simpatiya deyil, eyni zamanda siyasi rasionalizmin ifadəsidir. Bu bəyanatlar həm də ABŞ-ın Cənubi Qafqazda diplomatik fəallığının artacağının xəbərçisidir. Vaşinqton, xüsusilə Brüssel və Moskvanın vasitəçilik cəhdləri fonunda, regionda balanslaşdırıcı aktor rolunu möhkəmləndirməyə çalışır.
ABŞ anlayır ki, Azərbaycan regionda yalnız hərbi-siyasi deyil, həm də enerji və nəqliyyat baxımından mühüm qovşaqdır. Ona görə də Vaşinqton Bakı ilə münasibətləri təkcə diplomatik səviyyədə deyil, həm də strateji əməkdaşlıq müstəvisində inkişaf etdirmək niyyətindədir. Trampın Əliyevə olan şəxsi rəğbəti gələcək ikitərəfli münasibətlərdə kommunikasiya kanallarının daha açıq və səmimi olmasına imkan yarada bilər. Şəxsi münasibətlərin müsbət olması bəzən diplomatik prosesləri sürətləndirir. Bu amil, xüsusilə təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq sahələrində ABŞ-Azərbaycan əlaqələrini daha da dərinləşdirə bilər. Trampın bəyanatı həm simvolik, həm də strateji mesaj daşıyır: ABŞ Azərbaycanı Cənubi Qafqazda etibarlı tərəfdaş kimi qəbul edir və bu istiqamətdə siyasi fəallığını artırmaq niyyətindədir.