“Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın beynəlxalq arenadakı sülh təşəbbüslərinin və balanslı xarici siyasətinin davamıdır. Bu sammitdə əsas məqsəd — regional və qlobal münaqişələrin diplomatik yollarla həlli, xüsusilə Yaxın Şərqdə gərginliyin azaldılması və humanitar sabitliyin təmin edilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Deputat bildirib ki, məhdud sayda liderlərin iştirak etdiyi bu formatda Azərbaycanın təmsil olunması Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində formalaşan yeni reallıqlar fonunda etibarlı tərəfdaş, qətiyyətli və müstəqil qərarverici lider kimi qəbul edildiyini sübut edir: “Bu, həm də Azərbaycanın təkcə regional deyil, qlobal problemlərin həllində də konstruktiv mövqeyə malik olmasının qəbul edilməsi deməkdir.
Oktyabr ayında dövlət başçısının 4 fərqli coğrafiyada – Avropa, Asiya, Afrika və Yaxın Şərqdə keçirilən beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycanın xarici siyasətinin çoxvektorlu xarakterini və diplomatik fəallığın coğrafi sərhədləri aşdığını nümayiş etdirir. Bu, həm balanslaşdırılmış, həm də təşəbbüskar siyasətin nəticəsidir. Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika, humanitar əməkdaşlıq və sülh təşəbbüslərində oynadığı rol artıq qlobal müzakirələrin ayrılmaz hissəsinə çevrilib.
Yaxın Şərq Sülh Sammitində Azərbaycanın iştirakı həm də regionlararası diplomatiya konsepsiyasının real təzahürüdür. Qərb və Şərq, Şimal və Cənub arasında körpü rolunu oynayan Azərbaycan, bu platformada sülh, dialoq və qarşılıqlı etimad çağırışlarını səsləndirərək, beynəlxalq sistemdə etimadlı vasitəçi obrazını daha da gücləndirir. Bütün bunlar onu göstərir ki, Azərbaycan artıq qlobal məsələlərin kənarında qalan ölkə deyil. Əksinə, bu məsələlərin həllinə təsir göstərən, yeni siyasi və iqtisadi balansın formalaşmasında payı olan dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və müstəqil xarici siyasət Azərbaycanı beynəlxalq sabitlik, əməkdaşlıq və təhlükəsizlik gündəliyinin aktiv iştirakçısına çevirib. Prezident İlham Əliyevin Misir Sülh Sammitində iştirakı Azərbaycanın sülh, dialoq və multilateralizm prinsiplərinə sadiqliyinin bariz göstəricisidir. Bu səfər həm diplomatik əməkdaşlıq imkanlarını genişləndirdi, həm də Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi”.