Fındıq və badamın ixracına dair protokol layihəsi imzalanıb - FOTOLAR

15 Oktyabr 2025 09:54 (UTC+04:00)

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfərləri ikitərəfli əlaqələrə yeni təkan verib, dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Çin Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Çinə səfər edib. Agentliyin Informasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, məqsəd Azərbaycanın qida məhsullarının ixrac coğrafiyasının şaxələndirilməsidir.

İki ölkə arasında əməkdaşlıq əlaqələrinin nəticəsi olaraq dünya bazarında yüksək keyfiyyəti və zəngin dadı ilə seçilən, Azərbaycanda yetişdirilən fındıq və badam Çinə də ixrac olunacaq. Bununla əlaqədar AQTA ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında keçirilən görüşdə “Azərbaycan Respublikasından Çin Xalq Respublikasına ixrac edilən fındıq və badamın yoxlanılması, karantini və sanitariya tələblərinə dair Protokol” layihəsi imzalanıb. Həmçinin tərəflər “İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlıq Mexanizmi üzrə Sənəd Layihəsi”ni imzalayıblar.

Görüşdə quş əti, akvakulturada yetişdirən və vəhşi təbiətdən əldə olunan dəniz məhsulları, albalı, alma, xurma və narın ixracı ilə bağlı məsələlər müzakirə olunub. Əldə olunmuş razılaşmalar Azərbaycan məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlar üçün geniş imkanlar açır.

Qeyd edək ki, AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov və sədrin müşaviri Elxan Mikayılov Şanxayda keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində idxal və ixracda qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair konfransda iştirak edirlər.