Oktyabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Lahor şəhərində Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüblər.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələr və parlament əməkdaşlığının genişləndirilməsi müzakirə olunub. Qeyd edilib ki, xalqlarımızın mədəni, dini və mənəvi yaxınlığı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil edir. Vurğulanıb ki, dövlət başçıları arasında sıx siyasi təmaslar, dostluq münasibətləri bütün sahələrdə əlaqələrin inkişafına böyük təsir göstərir, xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır.
Söhbət zamanı Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşünün və orada müzakirə olunan məsələlərin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, parlament sədrlərinin bu üçtərəfli əməkdaşlıq mexanizmi, keçirilən görüşlər, qarşılıqlı səfərlər, o cümlədən nüfuzlu beynəlxalq parlament təşkilatlarında deputatlarımızın birgə fəaliyyəti, prinsipial məsələlərdə ortaq mövqe sərgiləməyi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlament müstəvisində də gücləndirilməsinə xidmət edir.
Görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığımızın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.