“Azərbaycan mənəvi məsuliyyəti ilə ön sıralardadır“ - ŞƏRH OLUNDU

14 Oktyabr 2025 17:01 (UTC+04:00)

“Prezident İlham Əliyevin Misirdə Qəzza ilə bağlı keçirilən sülh sammitində iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun və ədalət prinsiplərinə sadiqliyinin növbəti sübutudur. Bu tədbir, faktiki olaraq, Yaxın Şərqdə sülhün taleyini müəyyən edən əsas platformalardan biridir və Azərbaycanın orada təmsil olunması Bakının artıq regional deyil, qlobal diplomatiyada da aktiv oyunçuya çevrildiyini göstərir. İlham Əliyev bu sammitdə iştirak etməklə, beynəlxalq ictimaiyyətə Azərbaycanın münaqişələrin sülh yolu ilə həllini dəstəklədiyini, eyni zamanda Qəzzada yaşanan humanitar faciələrə biganə qalmadığını nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Azərbaycanın mövqeyi burada həm humanitar, həm də siyasi baxımdan aydın və prinsipialdır – BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və ədalətə əsaslanır: “Bakı hər zaman İsrail və Fələstin məsələsində balanslı siyasət aparıb, bu da Azərbaycanın beynəlxalq etibarlılığını artırır. Sammitdə iştirak həm də müsəlman dünyasına mesaj idi. Azərbaycan yalnız iqtisadi və enerji layihələri ilə deyil, həm də mənəvi məsuliyyəti ilə ön sıralardadır. Bu səfərin mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan bölgədə dialoqa əsaslanan sülh modelini müdafiə edir, konfrontasiyaya yox, qarşılıqlı anlayışa çağırır. İlham Əliyevin Qahirədəki çıxışı göstərdi ki, Bakı humanitar böhranı yalnız ərəb dünyasının deyil, bütün bəşəriyyətin problemi kimi görür. Bu, həm də Azərbaycanın sülh təşəbbüslərinə inamın artmasına xidmət edən addımdır.

Misir kimi tarixi və strateji baxımdan mühüm bir ölkədə keçirilən bu sammitdə Azərbaycanın fəal iştirakı, həm İslam həmrəyliyinə, həm də beynəlxalq sabitliyə verdiyi töhfənin ifadəsidir. İlham Əliyevin iştirakı diplomatik simvolika ilə yanaşı, real siyasi məna daşıyır — Azərbaycan artıq “dinləyən ölkə” deyil, “danışan və istiqamət göstərən ölkə” rolundadır. Nəticə etibarilə, Qahirə sammiti göstərdi ki, Azərbaycanın xarici siyasəti prinsipiallıq, balans və sülh diplomatiyası üzərində qurulub. Bu da regionda yeni siyasi dinamikanın formalaşmasında Bakının söz sahibinə çevrildiyini bir daha təsdiqlədi”.