“Qarabağ” komandasının məşqçisi Hüseyn Seyidov Türkiyənin “Qalatasaray” klubunda təcrübə proqramı keçib. SİA xəbər verir ki, məşqçi Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında səfərin onun üçün həm peşəkar, həm də şəxsi baxımdan çox önəmli olduğunu bildirib.
O, müasir futbolun trendlərini yaxından izləmək və öyrənmək imkanı əldə etdiyini deyib: “Bu, mənim üçün çox dəyərli təcrübə idi. Həm özümü sınamaq, nəyə qadir olduğumu görmək, həm də hansı sahələrdə biliklərimi artırmalı olduğumu dərk etdim. “Qalatasaray”da çox isti münasibətlə qarşılandım. Baş məşqçi Okan Buruk və qapıçıların məşqçisi Fadıl Koşutan ilə günün 10 saata qədərini birgə keçirirdik. Videoanalizlərdən tutmuş, hər qapıçıya fərqli yanaşma prinsiplərinə qədər bir çox məsələləri müzakirə etdik. Müasir futbolun trendlərini yaxından izləmək və öyrənmək imkanım oldu”.
Məşqçi Fadıl Koşutanla iş prosesinin onun üçün xüsusilə faydalı olduğunu qeyd edib: “Fadıl Koşutan UEFA-nın “Pro” kateqoriyalı məşqçisidir. Onunla gün ərzində uzun müzakirələr aparırdıq. Uzun illər Taffarel və Muslera ilə çalışmış mütəxəssisdir. Sonuncu gün artıq tam açıq fikir mübadiləsi şəraitində idik. Mənim bu qədər uzaq məsafədən sırf öyrənmək məqsədilə gəldiyimi bildirdi və bunu yüksək qiymətləndirdi. Bu münasibət mənim üçün əlavə motivasiya oldu. Açığı, oradan böyük özgüvənlə qayıtdım”.
H. Seyidov “Qalatasaray” və “Qarabağ” arasındakı fərqlərdən də danışıb: “Təbii ki, müəyyən fərqlər var. “Qalatasaray” Avropadakı yenilikləri çox tez mənimsəyir və onları öz sisteminə tətbiq edir. Bu baxımdan bizdən bir neçə addım öndədirlər. Amma artıq “Qarabağ”da da həmin yenilikləri tətbiq etməyə başlamışıq. Ümumi məşq prosesi baxımından isə ciddi fərq yoxdur. Sadəcə, orada qapıçı məşqçiləri üçün yaradılan şərait fərqlidir. Onların fərdi otaqları, xüsusi inventarları və analiz imkanları var. Bu, işin keyfiyyətinə birbaşa təsir edir”.
O, bu istiqamətdə klub rəhbərliyinə də təkliflərini çatdırdığını bildirib: “Rəhbərliyimiz bu məsələyə çox pozitiv yanaşdı və dəstək verdi. Düşünürəm ki, bu, bizim işimizin effektivliyini daha da artıracaq. Bu səfər mənim üçün həm təcrübə, həm də motivasiya baxımından böyük addım oldu. Əldə etdiyim bilik və təcrübəni artıq komandamızda tətbiq etməyə başlamışam”.