"Azərbaycanla Rusiya arasında gərginlik hələ də qalmaqdadır" - POLİTOLOQ DANIŞDI

14 Oktyabr 2025 16:47 (UTC+04:00)

"Azərbaycan qonşuları ilə münasibətləri normal saxlamağa çalışır. Sadəcə olaraq, Azərbaycanın qonşuları, o cümlədən Rusiya, bu münasibətlərə istehza ilə yanaşır". Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın mülki təyyarəsini vurduğu və nəticədə 38 nəfər azərbaycanlını qətlə yetirdiyi halda, törətdiyi bu cinayətin məsuliyyətini öz üzərinə götürmək istəmədi: "Rəsmi şəkildə Azərbaycandan üzr istəmədi və təzminat ödəməkdən də imtina etdi.

Hazırda Putinin məlum açıqlamasından sonra münasibətlərin normallaşmağa doğru getdiyini söyləmək mümkündür. Lakin mən hesab edirəm ki, gərginlik hələ də qalmaqdadır. Çünki Rusiyada yaşayan Azərbaycan diasporasına qarşı təzyiqlər davam edir, diasporanın bir neçə əməkdaşı bu gün də həbsdə saxlanılır.

Azərbaycanla münasibətlərin normallaşmasında Rusiya özü maraqlı olmalıdır. Çünki Azərbaycan Rusiya kimi böyük bir bazara kənd təsərrüfatı məhsulları ixrac edə bilər. Bununla yanaşı, Azərbaycanlı əmək miqrantları Rusiyanın əmək bazarında fəaliyyət göstərə bilər. Azərbaycan həmçinin öz təbii qazını Rusiya vasitəsilə dünya bazarlarına çıxarmaq imkanına malikdir. Eyni zamanda, Şimal–Cənub nəqliyyat dəhlizi vasitəsilə İrandan Rusiyaya, Rusiyadan isə İrana tranzit yolla malların ixracı həyata keçirilə bilər. Bütün hallarda Azərbaycan və Rusiya arasında münasibətlərin normallaşması təkcə iki ölkə üçün deyil, həm də region və qlobal miqyasda tərəflər üçün faydalıdır".