"ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq Sülh Sammitində cənab Prezident İlham Əliyevi “güclü lider” adlandırması və Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi roluna xüsusi diqqət çəkməsi həm diplomatik, həm də siyasi baxımdan mühüm siqnaldır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, bu amil ABŞ-ın regionda yenidən aktiv mövqe tutmaq və sülh prosesində əsas oyunçulardan birinə çevrilmək niyyətini göstərir: "Tramp administrasiyası Azərbaycanla münasibətləri təkcə enerji və təhlükəsizlik sahəsində deyil, həm də diplomatik kanallarda dərinləşdirmək istəyini nümayiş etdirir. Azərbaycan Prezidentinə yönəlik “güclü lider” ifadəsi sadəcə tərif deyil. Vaşinqtonun Azərbaycanın regional sabitlikdə artan rolunu qəbul etdiyinin göstəricisidir. ABŞ bu yolla həm Bakıya etimad mesajı verir, həm də Ermənistanı real sülh gündəliyinə yönəltmək üçün Azərbaycanla birbaşa, praqmatik dialoqa üstünlük verdiyini göstərir.
Trampın cənab Prezident olan şəxsi rəğbəti iki ölkə arasında münasibətlərin daha çevik və qarşılıqlı inam əsasında qurulmasına şərait yarada bilər. Liderlər arasında şəxsi münasibətlərin müsbət olması gələcək danışıqlarda kompromis tapmaq imkanlarını artırır və siyasi dialoqun dinamikasını gücləndirir. Ümumilikdə, bu jest Vaşinqtonun Cənubi Qafqazda yeni siyasi balans formalaşdırmaq cəhdinin tərkib hissəsidir. ABŞ həm regional proseslərə təsir imkanlarını artırmaq, həm də Azərbaycanı etibarlı tərəfdaş kimi tanıtmaq istəyir. Azərbaycan üçün isə bu, beynəlxalq səviyyədə diplomatik mövqelərin daha da möhkəmlənməsi və ABŞ-la strateji əlaqələrin yeni mərhələyə keçməsi anlamına gələ bilər".