Araz dəhlizinin istifadəyə verilməsi regionumuz üçün olduqca əhəmiyyətlidir. Bununla Azərbaycan yeni geosiyasi imkanlar əldə edəcək və üstünlüklər qazanacaq. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qələbəsi regionda nəqliyyat-logistika və tranzit sahəsində yeni və geniş imkanlar yaratdı.
“Azərbaycan bu imkanlardan istifadə edilməsi üçün dərhal işlərə başlayaraq infrastruktur layihələri həyata keçirməyə başladı. İran hökuməti ilə 2022-ci ilin mart ayında müvafiq Anlaşma Memorandumu imzalandı. Bu memorandum Azərbaycanın Şərqi Zəngəzur bölgəsini İran üzərindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək infrastrukturun yaradılması idi. İlk addım kimi Azərbaycanın Ağbənd və İranın Kəlalə kəndləri yaxınlığında avtomobil körpüsünün tikintisinə başlanıldı. Bu körpünün tikintisi ilin sonuna kimi başa çatacaq. Gömrük və sərhəd infrastrukturunu da gələn il Novruz bayramınadək başa çatdırmağı nəzərdə tuturuq. Bununla da yeni Araz dəhlizinin fəaliyyətə başlamasına start veriləcək. Bu dəhliz həm Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə daha qısa yolla əlaqəsini təmin edəcək, həm “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni qolu rolunu oynayacaq”, - deyə Ş.Mustafayev vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, bu dəhliz Körfəzi Qara dənizlə birləşdirəcək: “Beləliklə, Azərbaycan bununla yeni geosiyasi imkanlar əldə edəcək. Dəhliz iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət göstərəcək. Eyni zamanda, azad olunmuş ərazilərdə aktiv iqtisadi fəaliyyətə imkan yaradacaq və doğma evlərinə qayıdan keçmiş məcburi köçkünlərin aktiv iqtisadi fəaliyyətinə imkan yaranacaq. Bu dəhliz həm Azərbaycan, həm də qonşu ölkələr, region üçün çox faydalı olacaq”, – deyə Ş. Mustafayev vurğulayıb.