Dünən keçirilən Ukrayna-Azərbaycan oyunu 2:1 hesabı ilə rəqib komandanın qələbəsi ilə başa çatdı. Millimizin bu nəticəsi futbol azarkeşləri arasında müxtəlif reaksiyalar doğurub. Bəziləri hesab edir ki, komanda oyunda müəyyən irəliləyiş göstərsə də, nəticə hələ də qənaətbəxş deyil. Digərləri isə düşünür ki, problemin kökü təkcə məşqçidə deyil, ümumilikdə ölkədə futbol sisteminin zəifliyindədir. Bu gün SİA-da şəhər sakinləri arasında sorğu keçirərək, Ukrayna ilə oyundan sonra millimizin çıxışı, yeni baş məşqçinin fəaliyyəti və ümumilikdə Azərbaycan futbolunun hazırkı vəziyyəti ilə bağlı fikirlərini öyrəndik.
Şəhər sakini Adil Ələsgərov: “Ümumiyyətlə Azərbaycanda futbolun inkişaf etməməsinin səbəbi futbolçularımızın digər ölkənin futbolçuları ilə müqayisədə dəyərinin aşağı olmasıdır. Əhalisi bizdən qat-qat az olan ölkələrə nəzər yetirsək, görərik ki, onlarda futbol daha yaxşı inkişaf edib. Bunun da səbəbi ölkədə futbolçulara düzgün şərait yaradılmamasıdır. Millinin heyətində xarici komandada oynayan çox azdır. Qabağa getmək üçün isə Fernandu Santuş kimilərini gətirməyə ehtiyac yoxdur. Düzdür, Fernandu Santuş kifayət qədər uğurları olan futbolçudur. Amma burda çox uğursuz oldu. Düşünürəm ki, biz yalnız yerli məşqçi ilə uğur qazana bilərik. Ayxan Abbasov komandaya baş məşqçi gəldikdən sonra bizim futbolçular toparlanmağa başladı. Fransaya 3:0 məğlub olsaq da, ən azından meydanda mübarizə var idi. Bəhlul Mustafazadə müdafiədə çox yaxşı idi. Ona görə də bizim başqa məşqçiyə ehtiyacımız yoxdur. Ukrayna millisi ilə oyunda isə demək olar ki, hər kəs qalibiyyət, ya da bərabərlik gözləyirdi. Amma təəssüf ki, belə olmadı. Yenə də ümidliyik”.
Şəhər sakini Zamin Cəfərov: “Bizim komandada birlik yoxdur. Futbolçular bir-birini başa düşmür. Ona görə də daha çox məşq etməlidirlər. Elvin Cəfərquliyev, Nəriman Axundzadə Qarabağda yaxşı oynayırlar, lakin millidə yox. Çünki bir-birilərini başa düşmürlər. Milli komanda da çox yaxşı ruh yüksəkliyi olmalıdır. Ayxan Abbasovun milli komandanın baş məşqçisi olmasının məncə müsbət təsirləri olacaq. Gürcüstanla müqayisə etsək, onlarda driblinq yaxşıdır. Amma bizdə o yoxdur. Bizim komanda hücum zamanı bilmir nə etsin. Driblinq edirlər, hücuma keçirlər, qapıya çatanda isə qol vura bilmirlər”.
Şəhər sakini Faiq Ağakişiyev: “Məncə artıq bir problem yoxdur. Komanda da kifayət qədər ruh yüksəkliyi var. Qrupda bizim komandaya uyğun rəqib yox idi. İstər-istəməz Fransa ilə oyundan sonra da yorğunluq vardı. Ona görə də zəif nəticə göstərmələri normaldır. Komanda yavaş-yavaş özünə gəlməyə başlayıb. Ümumilikdə Azərbaycan futbolunda problem çoxdur. Uşaq futboluna yetəri qədər diqqət ayrılmır. Məncə İslandiya ilə oyundan 3 xal qazana bilərik”.
Şəhər sakni Malik Əmrahlı: "Futbol problemi dərindir. Uşaq futbolundan başlanılmalıdır. Çünki hər şey bundan qaynaqlanır. Əgər ölkədə uşaq futboluna yetəri qədər diqqət ayırsalar, normal komanda ərsəyə gətirmək olar. Millinin sonuncu oyunu da bunun ən bariz sübutudur. Belə futbol olmaz. Əsas problem futbolçuların peşəkarlığından çox, onların yetişdirilmə sistemindədir: “Əgər biz uşaq yaşlarından futbolçulara düzgün yanaşma tətbiq etsək, onlara şərait yaratsaq, gələcəkdə güclü milli komanda formalaşar. Amma təəssüf ki, Azərbaycanda hələ də uşaq futboluna lazımi qədər diqqət ayrılmır. Akademiyalar azdır, bölgələrdə istedadlı uşaqlar kəşf edilmir, nəticədə millidə boşluqlar yaranır".
Şəhər sakini Sadiq Əliyev: “Azərbaycanlı məşqçilərdə hücum məsələsi zəifdir. Ukrayna ilə oyunda 2:1 uduzduq. Biz hücumda çox zəifik. Əsasən bu istiqamətdə inkişaf edilməlidir. Bundan sonra artıq biz hər hansı bir nəticə əldə edə bilərik. Gürcüstan millisi bizim komanda da daha üstündür. Çünki onlar hücuma meyllidir. Bu baxımdan hücum məsələsində müəyyən işlər görülməlidir”.
Şəhər sakini Eldar Məmmədov: "Milli komandanın 2:1 hesabı ilə Ukraynaya uduzması gözlənilməz deyildi, amma oyunda müəyyən irəliləyişlər də hiss olunurdu. Düzdür, nəticə ürəkaçan olmadı, amma komandanın oyuna yanaşmasında pozitiv dəyişikliklər görünür. Ayxan Abbasovun gəlişindən sonra millidə bir qədər dinamika və istək var. Hücum futbolu oynamağa çalışırlar, amma hələ sistem tam oturuşmayıb. Bu, vaxt tələb edir. Məncə, yeni baş məşqçiyə zaman vermək lazımdır, çünki o, oyuna baxışı və futbol fəlsəfəsi ilə komandaya yeni nəfəs gətirib".
Şəhər sakini Ramin Abdulov: “Son zamanlarda komandamız çox zəif nəticə göstərir. Son oyunda qalibiyyət gözləyirdik. Təəssüf ki, məğlubiyyətlə üzləşdik. Amma komandada çox yaxşı futbolçular var. Bəhlul Mustafazadə çox yaxşı oyun nümayiş etdirdi. Müdafiədə yaxşı oynadı. Amma hücum xəttimiz çox zəifdir. Vuran ayağımız yoxdur. Bundan əlavə, yerli məşqçi daha yaxşıdır. Qurban Qurbanov Qarabağda uğurlar qazanır. Bu baxımdan düşünürəm ki, yerli məşqçi milli komandanı daha irəliyə apara bilər”.