"İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub" - POLİTOLOQ DANIŞDI

14 Oktyabr 2025 15:56 (UTC+04:00)

"İlham Əliyevin əsas uğuru məhz Qarabağın azad olunması oldu. Bunu etiraf etmək lazımdır – bu, tarixə yazılacaq hadisədir. Onu istəyən də, istəməyən də, onu dəstəkləyən də, ona müxalif olan da bu faktı qəbul edir". Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, bu, danılmaz həqiqətdir və Azərbaycan tarixində böyük uğur kimi dəyərləndirilməlidir: "Bu hadisə Azərbaycanın yeni dövr tarixi üçün mühüm dönüş nöqtəsi oldu. Desək ki, Qarabağ son 100 ildə ilk dəfə tam şəkildə Azərbaycanın nəzarətinə keçdi, yanılmarıq. Çünki nə Cümhuriyyət dövründə, nə də Sovet dövründə Azərbaycan Qarabağı tam nəzarətə götürə bilmişdi. O zamanlar Qarabağda rusların təsiri güclü idi, bölgə formal olaraq Azərbaycana məxsus olsa da, faktiki olaraq orada daxili idarəetmə ermənilərin əlində idi. Hətta keçmiş Dağlıq Qarabağ Vilayətinə daxil olanda hər şey – yazılar, sənədlər, idarə dili – erməni dilində idi. Bakı bu işlərə müdaxilə edə bilmirdi.

Müstəqillik bərpa olunduqdan sonra Qarabağ uğrunda savaş başladı, lakin biz həmin dövrdə torpaqlarımızı itirdik. Nəhayət, 30 ildən sonra Azərbaycan tam şəkildə öz suverenliyini bərpa etdi, Qarabağı nəzarətə götürdü. Bu, təkcə torpaq üzərində qələbə deyil, həm də milli inamın, dövlət iradəsinin və xalq birliyinin təntənəsidir.

Digər mühüm məqam isə budur ki, Qarabağda artıq ermənilər yaşamır. Bu, 200 ildən sonra baş verən tarixi hadisədir. Əgər 1800-cü illərə nəzər salsaq, görərik ki, o vaxtdan bəri Qarabağda ermənilər məskunlaşdırılmışdı. İndi isə uzun illərdən sonra Qarabağ tam şəkildə Azərbaycan nəzarətindədir və ermənisizdir. Bu, həm siyasi, həm də mənəvi baxımdan çox önəmlidir. Ümid edirəm ki, bu uğur daha da möhkəmlənəcək. Qarabağ daim Azərbaycan nəzarətində qalacaq və bir daha orada ermənilərin məskunlaşmasına yol verilməyəcək. Bu, bizə böyük bir dərs oldu və bu dərsdən düzgün nəticə çıxarmaq hər birimizin borcudur".