“Övladlarımızla bağlı məsələlərdə cəza tətbiqindən daha çox onlarla danışmaq, dialoq qurmaq həll yollarından biridir. Uşaqların davranışlarının səbəbini onlar özlərindən soruşmaq, dinləmə metodikasını tətbiq etmək ən effektiv üsullardan biridir - belə vaxtlarda uşaqlara danışmaq üçün imkan yaradanda onlarda məsuliyyət hissi formalaşır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, valideynin uşağı dinləməsi həmin uşaqda ilkin məsuliyyət hissinin yaranmasına xidmət edir: “Səs tonu və davranışın səviyyəsi burada xüsusi əhəmiyyət daşıyır. Valideyn uşaqla səmimi, sakit tonda danışdıqda uşaq həmin münasibəti hiss edir və öz davranışına görə məsuliyyət duymağa başlayır. Əksinə, valideyn aqressiv reaksiyalar göstərir, fiziki zor tətbiq edirsə, bu zaman uşağın psixikasında problemlər yarana bilər. Bu gün uşaqlarına qarşı fiziki zor tətbiq edənlər nadir olsa da, belə hallarda valideynlərin davranışı uşağın uzunmüddətli psixoloji zədələnməsinə səbəb ola bilər”.
Aytən Ələkbərova əlavə edib ki, bəzən valideynlər “yüngül cəza” adı altında təhdid və fiziki təzyiqdən istifadə edirlər: “Məsələn, "səni vuraram", "ayağından vuracağam" və ya 2 qolundan çimdik götürəcəyəm" tipli ifadələr uşaqlarda əsəbilik, qorxu və sinirlənmə yaradır. Yanlış cəza üsulları uşaqda fəsadlara - həm emosional, həm davranış baxımından - gətirib çıxara bilər. Bu səbəbdən valideynlərdən xahiş edirəm ki, belə yanaşmalardan çəkinsinlər. Əks halda gələcəkdə həmin uşaq öz övladına qarşı oxşar davranış nümayiş etdirə bilər ki, bu da sağlam cəmiyyət üçün qəbuledilməzdir”.
Psixoloq vurğulayır ki, cəza lazım gəldikdə belə, onun yeganə effektiv və zərərsiz forması sakit və izahlı davranışdır: “Valideynin sərt çağırışı və təkcə sözlə, lakin izahla yanaşması, məsələnin səbəbini uşağın özündən dinləməsi, nə üçün belə hərəkət etdiyini başa salmağa çalışması kifayətdir. Bu, həm uşaqda məsuliyyət formalaşdırır, həm də valideyn-uşaq münasibətlərini qoruyur”.