Zamanın diktəsi ilə qazanılan müstəqillik TƏHLİL

14 Oktyabr 2025 15:18 (UTC+04:00)

"Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir"

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Hər bir xalqın dünya miqyasında böyük hörmət, nüfuz sahibi olmasını şərtləndirən əsas amillərdən biri də milli mücadilənin önündə olan, xalqı hər bir çətinliklərdən qoruya bilən, hədəflərə çatmaqda böyük zəhmət, uzaqgörən siyasət yürüdən liderə ehtiyac var. O lider ki, həyatını, sağlamlığını xalqının azadlığına, firavan həyat əldə etməsinə həsr edir, o lider ki, hər cür təzyiqlərə, təhdidlərə baxmayaraq ruhdan düşmədən dövlətinin ucalması üçün gecə-gündüz çalışır. Təəssüf ki, belə fenomen liderləri bəşəriyyət yüz, bəzən isə min ildə bir dəfə yetişdirir. Xoşbəxt o xalqlardanıq ki, bəxtimizə, taleyimizə Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət, uzaqgörən siyasətçi düşdü. O bütün ömrünü xalqının formalaşmasına, dövlətinin inkişafına həsr etdi, heç zaman yorulmadı, heç bir zaman geri çəkilmədi. Daim çalışdı, zəhmət çəkdi və nəhayət böyük amalının, yüksək ideyalarının, uzaqgörən siyasətinin bəhrəsi olaraq Azərbaycan dövləti quruldu.

Dahi Öndərimiz Heydər Əliyev zamanında deyirdi "gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq". Bəli, o gün artıq mövcuddur. Bugünkü güclü və qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri olaraq dünyanın ən nüfuzlu, sayılan, seçilən dövlətlərindəndir. Azərbaycan dövləti Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasətinin həyata keçirilməsinin nəticəsi olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsinə nail olundu. Artıq heç bir münaqişəli ərazi qalmayıb. Uğurlar, qələbələr var. Bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan dövləti var. Bütün bunlara görə təbii ki, Ulu Öndər Heydər Əliyevə minnətdarıq. Həqiqətdən də nə qədər Azərbaycan dövləti və xalqı yaşayacaqsa, Ulu Öndər Heydər Əliyevin ideyaları da yaşayacaq. Çünki Dahi Öndərimiz Heydər Əliyevin ideyaları, əsasını qoyduğu siyasət yalnız və yalnız xalqımıza və dövlətimizə xoşbəxtlik və firavan həyata bəxş edib, qürurlu dövlət imici yaradıb.

Konstitusiya Aktının qəbul edildiyi tarix

Mövcud reallıqlara əsasən demək olar ki, Azərbaycan xalqı müxtəlif dövrlərdə çətinliklərlə, ağır, üzücü problemlərlə üzləşsə də, heç bir zaman hədəfindən və məqsədindən əl çəkməyib. Özünə və üzə çıxacaq liderinə inanıb. Liderinin olmaması səbəbindən Azərbaycan xalqı çox əziyyətlər çəkib, məşəqqətlər görüb. Elə uzağa getmədən, ötən əsrin əvvəllərində qazandığımız müstəqilliyimizin liderin olmaması səbəbindən itirməsini misal olaraq göstərmək olar. 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. AXC-nin strukturları formalaşdı, xarici ölkələrlə əlaqələr quruldu. Lakin daxili çəkişmələr və bu çəkişmələri aradan qaldıra biləcək liderin olmaması AXC-ni ciddi problemlərlə üz-üzə qoydu. Bu vəziyyətdən istifadə edən işğalçı Rusiya Azərbaycanı işğal etdi. Bununla da AXC –nin mövcudluğuna son qoyuldu. Azərbaycan xalqı 71 il sovetlərin tərkibində azadlıq eşqi ilə daxili mübarizə apardı. Nəhayət istəklər nəticə verdi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Ü.Hacıbəyov, sözləri Ə.Cavad), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli Dövlət gerbini təsdiq etdi. Azərbaycan Respublikasının müstəqilliyini dünya dövlətləri tanıdı. 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olundu, bu təşkilatın qəbul və təsdiq etdiyi bir çox mühüm beynəlxalq konvensiya və paktlara qoşuldu.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". Haqlı və əsaslı fikirdir. Təəssüflər olsun qazanılan qələbələri qoruyub saxlamaq çətinliklər yaradırdı. Çünki hər bir fəal təbəqə qurulan hakimiyyət aparatında özünə layiq olduğu tutmağa çalışırdı.

1992-ci ildə hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyü səhv, yanlış siyasəti ilə ölkədə həlli mümkün olmayan problemlər yaratdı. Qanunsuz silahlı dəstələri hər bir kənd və qəsəbələrdə, şəhərlərdə meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. 1993-cü il 4 iyununda Gəncədə qiyam baş verdi. Gəncədə baş verən hərbi qiyam ölkədə cəriyan edən xaos və anarxiyanın, hərci-mərcliyin kulminasiya nöqtəsi oldu. AXC-Müsavat iqtidarı mövcud problemləri həll etmək əvəzinə xalqın üzərinə silahlı dəstələr göndərib, qırğınlara yol açan fəaliyyət yolu tutdular. Bundan istifadə edən erməni hərbi birləşmələri xarici güclərin hərbi siyasi dəstəyi ilə ardıcıl olaraq torpaqlarımızı işğal edirdi.

Dövlət müstəqilliyinin itirilməsi, vətəndaş müharibəsinin qaçılmaz olduğu bir vaxtda ölkə ziyalıları bir araya gələrək Ulu Öndər Heydər Əliyevin Bakı şəhərinə gəlib hakimiyyət sükanı arxasına keçməsi çağırışını etdilər. Bununla bağlı 1992-ci ilin oktyabrın 16-da "91" lərin "Səs" qəzeti vasitəsi ilə Dahi Öndər Heydər Əliyevə müraciəti ünvanlandı. Ziyalıların Ulu Öndərə ünvanlanan müraciətində qeyd olunur ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz!: "Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bugünü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar".

Ziyalıların müraciətinin sonunda bir daha qeyd edilir ki, müraciətə minlərlə Azərbaycan vətəndaşı qoşulmağa hazırdır: "Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir". Ürəyi hər zaman xalqının istək və arzuları ilə döyünən Dahi Öndərimiz Heydər Əliyev ziyalıların müraciətinə müsbət münasibət bildirdi.

YAP-ın yaradılması və uğurlara gedən yol

Ulu Öndərimiz Heydər Əliyev 1992-ci il oktyabrın 24-də "Səs" qəzeti vasitəsi ilə ziyalıların müraciətinə cavab məktubunda qeyd edir ki, Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də Məni narahat edir: "Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram".

Xalqın istək və arzusuna uyğun olaraq 1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçildi. Ulu Öndər Heydər Əliyev tarixi çıxışlarının birində YAP-ın yaranması tarixindən danışarkən demişdir: "YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır".

Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkədə gələcəyə ümidlər artdı. İnsanlar axın-axın Ulu Öndərimizin qurucusu olduğu partiyaya üzv olurdular. YAP –ın qurucusu, Ulu Öndərimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək 1993-cü il iyunun 15-də Bakıya gəldi. Bundan sonra gərgin iş başladı. Görülən işlərin, həyata keçirilən siyasətin nəticəsi olaraq qısa müddətdə ölkəmizdə siyasi sabitliyə, iqtisadi dirçəlişə nail olundu. Bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Dahi Öndərimiz Heydər Əliyev mütərəqqi addımlar atdı, qərar və fərmanlar imzaladı. Milli sərvətimiz olan yeni Konstitusiyanın qəbul edilməsi xalqımıza əvəzsiz xəzinə bəxş etmiş oldu. Müstəqil Azərbaycanımızın ilk Konstitusiyası Dahi Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. 1994-cü ilin sentyabrın 20-də əfsanə kimi görünən "Əsrin müqaviləsi" neft sazişi imzalandı. "Əsrin müqaviləsi" yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu.

İqtisadi və siyasi uğurlar Azərbaycana yeni-yeni qələbələr gətirdi. Bu qələbələr 2003-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, Ölkə Prezidenti İlham Əliyevin Prezident seçilməsindən sonra daha geniş və davamlı xarakter aldı. Ən böyük uğur isə heç şübhəsiz ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olan torpaqlarımızın azad edilməsidir. Sonrakı mərhələdə, yəni 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə Azərbaycan dövləti Xankəndidə 30 ildən çoxdur ki, separatçılıqla məşğul olan terrorçu dəstələri və onların başçılarını məhv etdi. Bununla da Azərbaycan dünyanın ən güclü və qüdrətli dövləti olduğunu nümayiş etdirdi. Bu gün işğaldan azad edilən ərazilərdə geniş quruculuq, təmir, bərpa, tikinti işləri həyata keçirilir. İnsanlar tədricən öz doğma yurd-yuvalarına qayıdırlar. Bu qayıdış isə əbədidir.

İLHAM ƏLİYEV