“Müasir dövrdə Azərbaycan Respublikasında mədəni və dini abidələrin bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu fəaliyyət, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın tarixi irsinin dirçəlişini təmin etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən bu siyasət nəticəsində həm Qarabağ bölgəsində, həm də ölkənin digər regionlarında yerləşən dini və tarixi abidələr sistemli şəkildə bərpa olunur: “Məlum olduğu kimi, Qarabağda uzun illər işğal dövründə 67-yə yaxın məscid və bir çox dini tikililər ermənilər tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Hazırda həmin abidələrin əksəriyyəti dövlət səviyyəsində yüksək keyfiyyətlə təmir və bərpa olunmuş, bir qismi isə tamamilə yenidən inşa edilmişdir.
Dini abidələrin bərpası ilə yanaşı, dini maarifləndirmə sahəsində də genişmiqyaslı işlər aparılır. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan İlahiyyat Kolleci fəal fəaliyyət göstərir. Bu qurumlar tərəfindən dini dəyərlərin elmi əsaslarla təbliği, gənc nəslin düzgün dini biliklərə yiyələnməsi, cəhalət və mövhumatla mübarizə istiqamətində davamlı layihələr həyata keçirilir.
Maarifləndirmə siyasəti həm də milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Çünki dini savadlılığın artırılması, radikal və ekstremist ideyaların qarşısının alınması baxımından əsas vasitə məhz düzgün məlumatlandırma və elmi əsaslı tədrisdir. Dövlət bu istiqamətdə hüquqi və institusional mexanizmləri möhkəmləndirərək, həm dini icmalar, həm də təhsil müəssisələri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Beləliklə, Azərbaycanda dini və tarixi abidələrin bərpası ilə yanaşı, dini maarifləndirmənin gücləndirilməsi də dövlətin milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin ideoloji dayanıqlığının möhkəmləndirilməsi siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu istiqamətdə görülən işlər Azərbaycanın həm mədəni irsinə, həm də mənəvi həyatına verdiyi yüksək dəyərin bariz göstəricisidir”.