"27 sentyabr günü müasir Azərbaycan tarixinin ən şanlı səhifəsidir və bu günün qeyd olunması bizim ən vacib vəzifələrimizdən biridir". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti daim bu tarixi günün qeyd olunmasına xüsusi diqqətlə yanaşıb və təbii ki, zəfər günlərinin qeyd olunmasına bütün strukturlar cəlb olunub: "Burada həm dövlət, həm özəl, həm də fərdi sahibkarlıq subyektləri daxildir. Onların hər biri öz funksional təyinatına görə tədbirlər keçirə bilər. Təbii ki, məktəblərdə tədbirlər təşkil edilə bilər, idman məktəblərində isə Zəfər Gününə həsr olunmuş yarışlar keçirilə bilər. İdman assosiasiyaları tərəfindən respublika birincilikləri və rayon birincilikləri təşkil oluna bilər. Güc strukturları da bu gün üçün xüsusi və daha genişmiqyaslı tədbirlər həyata keçirə bilər. Bu tədbirlərin əksəriyyəti artıq həyata keçirilir.
Amma bu il nəzərə alsaq ki, Azərbaycanın Ermənistan üzərində qələbəsinin, yəni Zəfərimizin beşinci ildönümü, ilk yubiley ildönümü kimi qeyd olunacaq, böyük tədbirlərdə daha çox vətəndaşlarımızın gözləntisi hərbi paradın keçirilməsindən ibarət olacaq. Digər tərəfdən, Azərbaycanın Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və ən əsası Zəfər Parkı ziyarət olunur. Bu tədbirlərin mümkün qədər kütləvi şəkildə həyata keçirilməsi vacibdir".