"Qarabağ məsələsinin həllindən sonra Azərbaycan regional oyunçudan qlobal diplomatiya aparan ölkəyə çevrilib. Balanslı xarici siyasəti sayəsində ölkəmiz bütün qütblərlə əlaqələrini inkişaf etdirir və fəaliyyət dairəsini genişləndirir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
Onun sözlərinə görə, Azərbaycanın Avropa ilə ən fəal və çoxtərəfli əməkdaşlığı enerji və ticarət-iqtisadi sahələrdə özünü göstərir: "Avropa İttifaqı və digər Avropa dövlətləri ilə əlaqələr qarşı tərəf üçün böyük əhəmiyyət kəsb edir. Xüsusilə ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol beynəlxalq dairələrdə yüksək qiymətləndirilir. Asiya regionunda əsas diqqət iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına yönəlib. Mərkəzi Asiya və Türk dövlətləri ilə isə sıx mədəni və iqtisadi əməkdaşlıq, həmçinin müxtəlif layihələr həyata keçirilir. Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq mövcuddur. “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın rolu, geostrateji mövqeyi və nəqliyyat-logistika imkanları bu tərəfdaşlığın əhəmiyyətini artırır. Rəsmi Pekin Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla siyasi, iqtisadi və mədəni əlaqələrə xüsusi önəm verir.
Son illərdə isə Azərbaycanın Yaxın Şərqdəki əlaqələri geosiyasi, enerji və təhlükəsizlik sahələrini əhatə edir. Ölkəmiz enerji diplomatiyası və regional problemlərin həllində vasitəçilik missiyasını yerinə yetirərək beynəlxalq münasibətlər sistemində təsir dairəsini genişləndirir. Bütün bu addımlar isə Azərbaycanın balanslaşdırılmış xarici siyasətini gücləndirir, regional və qlobal miqyasda nüfuzunu artırır və ölkəmizi etibarlı tərəfdaş kimi tanıdır".