Milli Kitabxanada Türkmənistan guşəsinin açılışı olub

14 Oktyabr 2025 14:02 (UTC+04:00)

Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində oktyabrın 14-də Azərbaycan Milli Kitabxanasında Türkmənistan guşəsinin açılışı və ziyalıların iştirakı ilə dəyirmi masa keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan və Türkmənistanın dövlət qurumlarının nümayəndələri, mədəniyyət və elm xadimləri, yazıçılar, şairlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında Azərbaycan ilə Türkmənistan arasında mədəni və ədəbi əlaqələrin inkişafından danışıb. O qeyd edib ki, bu münasibətlər iki xalq arasında dostluq, qardaşlıq və qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edir.

Onun sözlərinə görə, belə görüşlər ədəbiyyat, elm və mədəniyyət nümayəndələrinin fikir mübadiləsi aparması, yeni əməkdaşlıq layihələrinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında Azərbaycan və Türkmənistan xalqlarını qədim tarixi və mədəni əlaqələrin birləşdirdiyini vurğulayıb. O qeyd edib ki, dövlət dəstəyi sayəsində mədəni əməkdaşlıq daha da inkişaf edir və bu tədbirlər xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun güclənməsinə xidmət edir.

Tədbirdə çıxış edən Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov bildirib ki, mədəniyyət və ədəbiyyat sahəsində keçirilən görüşlər gələcəkdə yeni layihələrin həyata keçirilməsinə, ortaq nəşrlərin və tərcümə işlərinin genişlənməsinə imkan yaradacaq.

O əlavə edib ki, bu görüşlər həmçinin gənc tədqiqatçıların və yazıçıların qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də iki ölkənin mədəniyyət sahəsində əməkdaşlıq imkanlarının daha da inkişafına şərait yaradacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkmənistan Respublikası Mədəniyyət nazirliyinin Yaradıcı işçilərlə iş şöbəsinin müdir müavini, şair Akmyrat Rejebov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Məhtimqulu Fəraqi adına Türkmən ədəbiyyatı Mərkəzi"nin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı və digər iştirakçılar çıxışlarında Azərbaycan və Türkmənistanın mədəni və elmi əlaqələrinin uzun və zəngin tarixə malik olduğunu vurğulayıblar.

Onlar qeyd ediblər ki, qarşılıqlı əməkdaşlıq nəticəsində həm Azərbaycan, həm də Türkmənistanın mədəni və ədəbi irsi daha geniş oxucu auditoriyasına çatdırıla, ortaq nəşrlər və tərcümə layihələri uğurla həyata keçirilə bilər.

Tədbirin davamında Azərbaycan Milli Kitabxanasında Türkmənistan ədəbiyyatı guşəsinin açılışı olub. Açılış mərasimində guşənin əhəmiyyəti vurğulanıb. Tədbir iştirakçıları guşə ilə tanış olaraq, sərgilənən kitabların iki ölkə arasında mədəniyyət və ədəbiyyat sahəsində əməkdaşlığı daha da gücləndirəcəyini bildiriblər.

Qeyd edək ki, oktyabrın 15-dək davam edəcək Türkmənistan Mədəniyyət Günləri çərçivəsində Bakıda və Gəncədə tədbirlər keçiriləcək.