Sığorta şirkətləri vətəndaşa dəyən zərəri ödəməkdən niyə imtina edirlər? - EKSPERT AÇIQLADI

14 Oktyabr 2025 12:31 (UTC+04:00)

“Beynəlxalq praktika ilə müqayisə etdikdə ölkəmizdə sığorta sistemi hətta qonşu İranla müqayisədə belə geri qalır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, məsələn iki avtomobil bir-biri ilə toqquşursa, hətta insan belə xəsarət alırsa insanlar oturub sığortanın gəlməsini gözləyirlər: “Qəza halında əgər zərərçəkən tərəf qarşı tərəfdən şikayətçi olmursa sığorta şirkəti zərərçəkən tərəfə ödəniş etmir. Qonşu Gürcüstanda Avropa İttifaqının sığorta qanunvericiliyi uğurla tətbiq olunur.

Ölkəmizdə isə sığorta şirkətləri ilə bağlı problemlər illərdir müzakirə olunur, vətəndaş şikayətləri qeydə alınır, bəzən özümüzdə sığorta hadisəsinin iştirakçısı olmaq məcburiyyətində qalırıq. Hesab edirəm ki, bu sahə ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir. Qanunvericilikdə sığorta şirkətləri ilə bağlı məsuliyyət və öhdəliklər müəyyən edilməlidir. Yəni vətəndaşın və sığorta şirkətinin məsuliyyəti və öhdəlikləri qeyd olunmalıdır. Hazırkı vəziyyətdə vətəndaş günahsız olduğunu sübut etməlidir. Faktiki olaraq görünür ki, vətəndaşın günahı yoxdur. Ancaq sığorta şirkəti tərəfindən müxtəlif sənədlər tələb olunur. Ən çox yaşanan problem sənəd bürokratiyasıdır. Birdə vətəndaşla sığorta şirkəti arasında ödəniş məbləği məsələsi ilə bağlı problemlər yaşanır”.

Müəllif: İlkin Məmmədkərimov