Son 5 ildə azərbaycanlıların sağlamlıq vəziyyəti necə dəyişib? – RƏSMİ GÖSTƏRİCİ

14 Oktyabr 2025 12:07 (UTC+04:00)

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2020-ci ildə “ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı” 1 800 853 nəfər idisə, 2024-cü ildə bu rəqəm 2 870 154 nəfərə çatıb. SİA xəbər verir ki, son 5 ildə bu faiz göstəricisi üzrə ən çox artım 2021-ci ilə (23,2%) təsadüf edib.

Aşağıdakı cədvəldən də göründüyü kimi, ümumilikdə artım tendensiyası son 5 ildə hər il davam edib.

2024-cü ildə ölkədə qoyulan xəstəlik diaqnozları arasında “tənəffüs orqanlarının xəstəlikləri” (37,3%) xüsusi üstünlük təşkil edib. Bu göstərici, digər əsas xəstəlik qruplarından, yəni “həzm sistemi xəstəlikləri” (8,4%) və “qan dövranı sistemi xəstəlikləri”ndən (8,1%) dəfələrlə yüksək olub. Hər üç xəstəlik qrupu birlikdə ümumi diaqnozların təxminən 53,8%-ni təşkil etsə də, tənəffüs yolu xəstəliklərinin üstünlüyü, bu sahədə profilaktik tədbirlərin daha çox gücləndirilməsini zəruri edir.

2024-cü ildə ən az rast gəlinən xəstəlik 7,9% göstəricisi ilə “bəzi infeksion və parazitar xəstəliklər” olub. Digər xəstəliklər 2024-cü ildə 38,3% təşkil edib.

2024-cü ildə sayında ən çox artım müşahidə olunan xəstəlik (1 070 918 nəfər) tənəffüs orqanlarının xəstəlikləridir. Həzm sistemi, qan dövranı və infeksion xəstəliklər orta səviyyədə artım göstərərkən, travmalar, zəhərlənmələr, sidik-cinsiyyət, göz xəstəlikləri kimi sahələrdə də nəzərəçarpacaq, lakin nisbətən az artım müşahidə olunur.

5 il öncə ilə müqayisədə ən az artım isə endokrin sistem, dəri və qulaqla bağlı xəstəliklərdə qeydə alınıb. Bu tendensiyalar son illərdə tənəffüs sistemi ilə bağlı problemlərin daha da aktuallaşdığını və səhiyyədə bu sahəyə xüsusi diqqət ayrılmasının vacibliyini göstərir.

2024-cü ildə Cənubi Qafqaz ölkələri arasında əhalinin sayına nisbətdə ilk dəfə xəstəlik diaqnozu qoyulan şəxslərin payına diqqət etsək, burada ciddi fərqin olduğunu müşahidə edərik.

Rəsmi rəqəmlər əsasında aparılan təhlilə görə, ötən il Ermənistanda əhalinin 60,3%-nə ilk dəfə xəstəlik diaqnozu qoyulub. Gürcüstanda bu rəqəm 42,5% təşkil edib.

Ən aşağı göstərici isə Azərbaycanda (28,1%) qeydə alınıb.