Supermarketlərin qiymət oyunu: fırıldaq, yoxsa məsuliyyətsizlik? - EKSPERT AÇIQLADI

14 Oktyabr 2025 12:06 (UTC+04:00)

"Mağazalarda və supermarketlərdə vitrində bir qiymət, ödəniş edərkən isə tamam başqa qiymətin olması təbiiki istehlakçı hüquqlarının pozulmasıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, bu kimi hallar aradan qaldırılmalıdır: "Təbii ki, supermarketlərin belə hallarda müştəriləri aldatmaq kimi niyyətləri yoxdur. Supermarketlər şəbəkələrinin yüzlərlə filialları olur və qiymətlər baş ofis tərəfindən müəyyən olunur. Filiallarda bəzən işçi çatışmamazlığından və mövcud əməkdaşların məsuliyyətsizliyindən qiymət dəyişərkən vitrində qiymət vaxtında yenilənmir.

Nəticədə müştərilər belə hallarla qarşılaşırlar. Belə hallarda müştərinin məhsulu vitrində gördüyü, yəni aşağı qiymətlə almaq hüququ var. Supermarketin qiyməti vaxtında dəyişməməsi müştərinin günahı deyil. Supermarket məhsulu müştərinin vitrində gördüyü qiymətə satmaqdan imtina edərsə, ən azından öz imicini qorumaq üçün məhsulu müştəridən geri qaytarmalıdır. Supermarket məhsulu geri qaytarmaqdan imtina edərsə istehlakçı Prezident yanında Antiinhisar siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət etməlidir.

Vətəndaş bu quruma şikayət edib aldadıldığını sübut edib həmin supermarketin cəzalandırılmasına nail ola bilər. Vətəndaş Antiinhisarın şikayətinə baxmasından narazı olarsa o zaman məhkəməyə müraciət edib ona dəymiş zərərin ödənilməsinə nail ola bilər”.

Müəllif: İlkin Məmmədkərimov